“Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər”

Sumqayıt Dövlət Universitetində (SDU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş “Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər” mövzusunda Respublika elmi konfransı keçirilib.

 

Konfransda millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyası  (AMEA) və  ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

 

SDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov  Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışıb və  bildirib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Möhtəşəm  Zəfər böyük geosiyasi məkanda proseslərin mənzərəsini dəyişməkdədir.

 

Konfransın əhəmiyyətindən bəhs edən prorektor qeyd edib ki, məruzəçilərin məzmunlu tədqiqatları, əldə etdikləri elmi nəticələr, praktiki təkliflər ölkəmizin regionlarına aid problemlərin aşkara çıxarılması və aradan qaldırılması istiqamətində əməli töhfə olacaq.

 

Millət vəkili, akademik Ziyad Səmədzadə deyib ki, Vətən müharibəsindəki qələbə Azərbaycan dövlətinin qarşısında yeni hədəflər və vəzifələr qoyub. Prezidentin təsdiq etdiyi “Azərbaycan- 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində Böyük Qayıdışın ayrıca prioritetlərdən biri kimi müəyyən edildiyini diqqətə çatdıran akademik Qarabağın dirçəldilməsi istiqamətində həyata keçirilən düşünülmüş və sistemli dövlət tədbirlərindən bəhs edib.

 

Millət vəkili  Vüqar Bayramov “Regional iqtisadi əməkdaşlıq perspektivləri Qarabağ Zəfəri kontekstində” adlı məruzə ilə çıxış edib, konfransın mövzusunun aktuallığından danışıb, tarixi Zəfərin qazanılması nəticəsində ölkəmizdə iqtisadi baxımdan yeni inkişaf mərhələsinə keçid üçün geniş imkanların yarandığını bildirib.

 

Böyük iqtisadi potensiala malik olan Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının uzun müddət işğal altında qaldığını, erməni vandalları tərəfindən vəhşicəsinə talan edildiyini deyən millət vəkili bu iki mühüm iqtisadi bölgənin düşmən təcavüzündən azad edilməsinin perspektiv dövrdə Azərbaycanın iqtisadi artımında əhəmiyyətli rol oynayacağını vurğulayıb.

 

AMEA-nın müxbir üzvü, professor Akif Musayev “İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” mövzusunda məruzə ilə çıxış edib. “Ərazilərin bərpası,  yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızın işlə təminatına müsbət təsir göstərəcək”-deyə məruzəçi vurğulayıb.

 

Tədbirdə digər iştirakçılar da mövzuya dair məruzə ilə çıxış ediblər. 

 



23.04.2021 | 16:40