Alim Azərbaycanın fizika üzrə ən gənc elmlər doktoru oldu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin dosenti, fizika üzrə fəlsəfə doktoru Sakin Cabarov fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib.

 

Universitetdən bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda keçirilən müdafiədə alim “Perovskitlərdə və heksaferritlərdə təzyiq və temperaturun təsiri ilə quruluş və maqnit faza keçidləri” mövzusunda elmi- tədqiqat işi ilə bağlı əldə etdiyi nəticələri təqdim edib. Tədqiqata cəlb olunan  mövzu və qazanılan nəticələr müasir Azərbaycan fizika elmində ciddi irəliləyişdir. Qeyd edək ki,  S. Cabarov müasir dövrdə ölkəmizdə  fizika sahəsində elmlər doktorluğu üzrə dissertasiya işi müdafiə edən ən gənc alimdir.

 

O, elmi-tədqiqat işlərini Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda, Almaniyanın Hamburq şəhərində yerləşən "DESY" Elmi-Tədqiqat Mərkəzində və həmin ölkənin Bayroyt şəhərində yerləşən Bayroyt Universitetinin Bavariya Eksperimental Geokimya və Geofizika İnstitutunda yerinə yetirib. “Web of Science” və “Scopus” bazalarında indekslənən jurnallarda  çap olunan yüksək impakt faktorlu məqalələrin müəllifidir. Elmi əsərlərinə beynəlxalq səviyyədə çoxsaylı istinadlar verilib.

 

 



23.04.2021 | 17:45