Dünya alimlərinin iştirakı ilə əczaçılığın müasir problemləri müzakirə olunub

Azərbaycan Tibb Universitetinin (ATU) təşəbbüsü ilə “Əczaçılığın müasir problemləri” mövzusunda V Beynəlxalq Elmi Konqresin açılış mərasimi keçirilib. Tədbirdə dünyanın bir sıra ölkələrindən nüfuzlu alimlər iştirak ediblər.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, respublikamızda əczaçılıqla məşğul olan mütəxəssislərin demək olar, hamısı universitetin əczaçılıq fakültəsinin yetirmələridir: “İndiyədək bu fakültənin 6 mindən artıq məzunu olub və onlar  əsasən,  müalicə-profilaktika müəssisələrində işləyir. Bu fakültə respublikamızla yanaşı, digər ölkələr üçün də ali təhsilli əczaçılar və  elmi pedaqoji kadrlar hazırlayıb. ATU-nun əczaçılıq fakültəsi ölkəmizdə bu sahədə yeganə elmi tədqiqat mərkəzinə çevrilib. Elmi- tədqiqat işlərinin yerinə yetirilməsi üçün Əczaçılıq kimyası kafedrasının nəzdində müasir əczaçılıq laboratoriyası qurulub. Ölkəmizdə əczaçılıq sənayesinin yaradılması və inkişafında da fakültənin, onun hazırladığı kadrların böyük rolu olub”.

 

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycanda əczaçılığın inkişafından danışaraq qeyd edib ki, bu inkişafda, həmçinin əczaçı kadrların hazırlanmasında yubileyi qeyd olunan fakültənin böyük rolu olub:”Əgər 100 il əvvəl Azərbaycanda cəmi 50 aptek var idisə, indi onların sayı 2900-ə çatıb. Topdansatış müəssisələrinin sayı 100-dən çoxdur. Yeni əczaçılıq müəssisələri də yaradılır. Əgər 1998-ci ildə Azərbaycanda  dərman istehsal edən bir şirkət var idisə, indi onların sayı dəfələrlə çoxdur. Hətta xarici ölkələrdən Azərbaycana dərman istehsalı sahəsində investisiya qoymaq istəyən şirkətlərin də marağı artır”.  

 

E.Ağayev qeyd edib ki, bu gün Səhiyyə Nazirliyi dərman vasitələrinin keyfiyyətinə və effektivliyinə nəzarəti həyata keçirir. Bu  istiqamətdə işlər daim təkmilləşdirilir. Nazir müavininin sözlərinə görə, ATU-da son illər aparılan islahatlar əczaçılıq təhsilinin gələcək inkişafına müsbət təsir göstərəcək.

 

Sonra ATU-nun Əczaçılıq kimyası kafedrasının müdiri, Azərbaycan Əczaçılar Assosiasiyasının sədri Tahir Süleymanov qeyd edib ki, zəngin təbii şəfaverici faktorlara və Şərq təbabəti təcrübəsinə əsaslanan Azərbaycan əczaçılığı qədim köklərə malikdir. Hələ Qafqaz Albaniyası dövründə hazırlanmış məlhəmlərin və cövhərlərin Roma imperiyasına göndərilməsinə  dair  saziş də bağlanmışdı. T.Süleymanov ölkəmizdə ilk aptekin isə 1850-ci ildə Bankə qəsəbəsində yaradıldığını xatırladıb.

 

Açılış nitqlərindən sonra “Əczaçılığın müasir problemləri” mövzusunda konqres öz işinə başlayıb.

 

Toplantıda əczaçılıq elminin bütün sahələri, eləcə də yeni dərman vasitələrinin yaradılması istiqamətində aparılan elmi-tədqiqat işləri, həmçinin praktik əczaçılığın maraq dairəsində olan problemli məsələlər müzakirəyə çıxarılıb.

 

Türkiyənin Lokman Həkim Universitetinin rektoru, professor Bülent Gümüşel, AMEA-nın birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru,  akademik Dilqəm Tağıyev,  Özbəkistanın Təbii Maddələrin Kimyası İnstitutunun direktoru, professor Şamansur Saqdullayev, Fransanın Marsel Universitetinin əczaçılıq fakültəsinin Farmakoqnoziya və Etnofarmakologiya kafedrasının müdiri,  professor Evelyne Ollivier, Kiprin Yaxın Şərq Universitetinin Səhiyyə Elmləri İnstitutunun müdiri, professor K. Hüsnü Can Başer, Tbilisi Dövlət Tibb Universitetinin əczaçılıq fakültəsinin dekanı Ana Chincharadze, ABŞ-ın Cənubi Florida Universiteti əczaçılıq fakültəsinin dekan müavini, professor Yashmant Pathak, Təbriz Tibb Elmləri Universitetinin Kliniki farmakologiya kafedrasının müdiri  Haleh Rezaee və digər iştirakçılar müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

 



24.04.2021 | 12:29