Tarix yazmış AZƏRBAYCAN ƏSGƏRİ

Azərbaycanın şanlı tarixinə, 10 noyabr qızıl hərflərlə daxil oldu. Uzun illərdir işğalda olan torpaqlarımız öz həqiqi sahiblərinə qayıtdı. İşğaldan azad olunmuş Qarabağımızda günəş yenidən doğdu.

 

Azərbaycanın Dövlət-Ordu-Xalq Birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst elədi. Bu müddət ərzində Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Ali Baş Komandan İlham Əliyev qətiyyətli siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqləri dəf edərək, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi çoxsaylı müsahibələr dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. 

 

Azərbaycan Vətən müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi. Ordumuzun, digər dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, 44 günlük Vətən müharibəsində təhsil işçiləri də bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydu. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir.

 

Bu günlərdə biz təhsil işçiləri də haqq səsimizi dünyaya çatdırmaq üçün ardıcıl surətdə bir çox kampaniyalar aparır, müxtəlif həştəqlərdən istifadə edərək erməni terrorunu, vandalizmini dünya ictimaiyyətinə çatdırmağa çalışırdıq. Xarici mediada Azərbaycan haqqında tarixi faktların saxtalaşdırılmasına dair informasiyaların geniş yayılması, eləcə də dezinformasiyaların qarşısının alınması istiqamətində mütəşəkkil surətdə mübarizə apararaq, əsl həqiqətlərin ortaya qoyulmasında böyük fəallıq göstərirdilər.Azərbaycan xalqı humanist, sülhsevər xalqdır. Biz hər zaman torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olmuşuq. Lakin  düşmənin təxribatları və iftiraları buna imkan vermədi.

 

Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda, bu müqəddəs savaşda böyük zəfərlə bizləri sevindirdi. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,- deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər. O cümlədən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunları Nicat Mustafayev - 06.10.2020-ci ildə Füzuli istiqamətində, Rəşid Həmidov - 07.10.2020-ci ildə Suqovuşan istiqamətində, Sayad Hacıyev - 17.10.2020-ci ildə Suqovuşan istiqamətində, Murad Məmmədli - 21.10.2020-ci ildə Füzuli istiqamətində, Elvin Salahov - 22.10.2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə, Sübhan Əzizov 07.11.2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə Şəhid olmuşlar.

 

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Prezident İlham Əliyev xalqa müraciətlərinin birində deyib: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur... Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”. Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi. Azərbaycan Prezidenti çıxışlarının birində deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.Beləliklə, döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən şanlı Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Azərbaycan!

 

Nəzakət ALLAHVERDİYEVA

 



24.04.2021 | 13:31