“BACARIQLI OL” Usta yanında öyrənmə proqramı uğurla davam edir

“BACARIQLI OL” Usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin “BAZARSTORE” MMC supermarketlər şəbəkəsi ilə mart ayının əvvəlindən icra edilən “Satıcı - kassir” ixtisası üzrə qısa müddətli ödənişsiz hazırlıq təlimləri uğurla davam edir.

      

Agentlikdən bildirilib ki, on iki həftəlik təlim proqramını əhatə edən layihənin səkkiz həftəsi artıq arxada qalıb. Proqram nəzəri və praktiki bilik və bacarıqları özündə birləşdirir.  Həftənin 2 günü müdavimlərə onlayn nəzəri dərslər keçirilir, növbəti 3 gün isə onlar “BAZARSTORE”  MMC-nin “Qara Qarayev”, “Xətai” və “Nəsimi” mağazalarında 9 nəfər ustanın rəhbərliyi ilə təcrübə qazanırlar.

      

Təlimin sonunda iştirakçılar sertifikatla təmin olunacaq və ən əsası qiymətləndirmə nəticələrinə görə ən yüksək bal toplamış 5 müdavim “BAZARSTORE”  MMC adından əlavə olaraq mükafatlandırılacaq. Təlimi uğurla başa vuran müdavimlər/təcrübəçilər “BAZARSTORE” MMC mağazalar şəbəkəsində işləmək imkanı qazanacaqlar. Həmçinin təlim proqramı müddətində müdavimlərə yol xərci ödənilir, praktiki təlim zamanı onlar  uniforma və qida ilə təmin olunurlar. Üstəlik, proqram müdavimləri təlim müddətində Fərdi Qəza sığortası ilə sığortalayır.

 

Təlim 31 may tarixinədək davam edəcək.  

 

 



26.04.2021 | 10:07