Saxta erməni soyqırımının qəbul edilməsi ikili standartların bariz nümunəsidir

Amerika prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqırımı” ifadəsini işlətməsi dünya siyasətində müasir dövrdə hökm sürən ikili standartların ən bariz nümunəsidir.

 

Tarixi hadisələri və faktları inkar edən erməni “tarixçiləri” və siyasətçiləri Birinci Dünya müharibəsi zamanı baş vermiş hadisələri saxtalaşdıraraq Türkiyə Cümhuriyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmişlər. Əslində nə baş vermişdir? Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyası ərazisində yaşayan ermənilər Çar Rusiyasının 1914-cü ildə Osmanlı dövlətinə qarşı Qafqaz cəbhəsini açmasından istifadə edərək Rusiyanın dəstəyi ilə erməni dövləti yaratmaq iddiasına düşmüşdülər. Bu məqsədlərinə nail olmaq üçün erməni silahlı dəstələri və təşkilatları Osmanlı dövlətinə qarşı ölkə daxilində üsyanlar təşkil etmiş və dinc türk əhaliyə qarşı vəhşiliklər törətməyə başlamışdılar. Dövlətə qarşı üsyan qaldıran erməni üsyançıları həbs edilmiş və onların bir hissəsi ölkədən çıxarılmışdır. Ermənilər 1915-ci ilin 24 aprelində baş vermiş bu hadisələrdən öz məqsədləri üçün yararlanmış, o vaxtdan etibarən dünyada ermənilərin “yazıq və əzilən, məzlum millət” obrazını yaratmaq üçün saxta təbliğata başlamışlar. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş erməni diasporu erməni soyqırımı təbliğatının aparılmasında başlıça rupora çevrilmişdir.

 

Təəssüflər olsun ki, dünyanın bir sıra aparıcı ölkələri, o cümlədən ABŞ və Qərbi Avropa dövlətlərinin bir çoxu erməni yalanlarının yayılması və dövlət səviyyəsində tanınmasında erməni diasporunun təsiri altında qərarlar qəbul ediblər.

 

Yeni seçilmiş ABŞ prezidenti Co Baydenin 2021-ci il aprelin 24-də “erməni soyqırımı” ifadəsini işlətməsi də erməni diasporunun Amerika siyasətinə təsirinin nəticəsidir. Maraqlıdır ki, Barak Obamanın prezidentliyi dövründə vitse-prezident vəzifəsini tutmuş Bayden “erməni soyqırımı” ifadəsinin işlədilməsinin əleyhinə idi. Lakin özünün prezident seçilməsi kampaniyasını apararkən, erməni diasporunun dəstəyini almaq məqsədilə onlara verdiyi vədinə əməl edərək saxta erməni soyqırımı ifadəsinin işlətdi. Hesab edirik ki, Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi təkcə erməni diasporunun  könlünü xoş etmək niyyəti ilə edilməyib. Bu, həmçinin dünya siyasətində əsas oyunçulardan birinə çevrilən, müstəqil və ədalətli siyasət yeridən Türkiyə Cümhuriyyətinə qarşı təzyiq metodlarından biridir.

 

Məyusedici hal ondan ibarətdir ki, türklərə qarşı törədilən, o cümlədən müstəmləkəçi ölkələrin, elə ABŞ-ın Amerikanın yerli sakinləri olan hindulara qarşı, Fransanın XIX əsrdə Əlcəzairdə törətdiyi soyqırımları yada salan yoxdur.

 

XX əsrin əvvəllərində- 1905-1906-ci illərdə, 1918-ci ildə Azərbaycan türklərinə qarşı ermənilərin törətdiyi vəhşilikləri dünya ictimaiyyəti və özlərini demokratiyanın beşiyi adlandıran ölkələr qəbul etmək istəmirlər. Dünyanın XX əsrin sonunda şahidlik etdiyi ən qanlı bəşəri cinayətlərdən olan Xocalı soyqırımını özünü ədalət beşiyi sayan Amerika qəbul etmək istəmir. Eyni zamanda, bu gün Azərbaycanın işğalçılardan azad edilmiş ərazilərində ermənilərin törətdikləri vəhşilikləri və cinayətləri dünya birliyi görməzdən gəlir. Bunun əvəzində erməni saxtakarlıqları üzərində qurulmuş, Birinci Dünya müharibəsi zamanı baş verməsi iddia edilən erməni yalanlarını soyqırım kimi bütün dünyaya bəyan edirlər. Amerika prezidenti Co Bayden ermənilərin saxta soyqırım iddialarını qəbul etməsini bəyanlamaqla, əslində dünya siyasətində ikili  standartların hökm sürdüyünü bir daha təsdiq etmiş oldu.

 

Türkiyə Cümhuriyyəti Prezidenti və höküməti Co Baydenin bu bəyanatının heç bir təsiri olmayacağını və onun yanlışlığını, ABŞ-Türkiyə münasibətlərinə zərbə vuracağını elan ediblər. Hər zaman Türkiyənin yanında olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika prezidentinin saxta erməni soyqırımı barədə bəyanatının qəbuledilməzliyini bildirib, Türkiyənin haqlı davasında onun yanında olduğunu elan edib.

 

Əminik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yeritdiyi müdrik siyasət erməni yalanlarının ifşa olunmasında həlledici rol oynayacaqdır.

 

Ədalət Muradov,

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor

 



26.04.2021 | 14:03