UNEC yeniliklərə start verir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti tədris ilindən bir sıra yeniliklər gözlənilir. Bu yeniliklər Universitetdaxili İkili Diplom (UDİD) proqramı,  “İxtisas istiqamətləri” (Track)  və “UNEC Professoru” ilə bağlıdır.   

 

Ali məktəbdən bildirilib ki, universitetin Elmi Şurasının iclasında bu barədə müvafiq qaydalar qəbul edilib.

 

Yeni tədris ilindən tətbiq olunması nəzərdə tutulan UDİD proqramının məqsədi bakalavrlara 4 il ərzində qəbul olduqları ixtisaslarla yanaşı, ikinci ixtisas üzrə də əlavə təhsil və diplom almaq imkanı yaratmaqdan ibarətdir. Tələbələr 3-cü semestrdən bu proqrama qoşularaq, məzun olduqda iki ixtisas üzrə iki diplom əldə edə biləcəklər. 700 bal toplayaraq UNEC-ə qəbul olan abituriyentlər proqramda ödənişsiz, 600 və daha yüksək bal toplayan abituriyentlər isə 50% güzəştlə iştirak edəcəklər.

 

Minor proqramında isə tələbələr öz ixtisas qrupu daxilində 4, ixtisas qrupları arasında isə 5 fənn götürməklə Minor ixtisasını qazanacaqlar. Minor proqramını tamamlayan tələbələrə universitet tərəfindən müvafiq sertifikat və transkript təqdim olunacaq. Əldə olunan sertifikat əmək bazarında məzunlara üstünlük yaradacaq.

 

Şurada təhsil standartlarında nəzərdə tutulan Track barədə də təqdimat olunub. Bildirilib ki, “İxtisas istiqamətləri” tələbələrə əlavə imkanlar yaratmaq məqsədilə hazırlanıb. Tələbələr ixtisas istiqamətlərini seçməklə əlavə sertifikat əldə edə biləcəklər. Bununla da məzunlar əlavə ixtisas biliyi ilə yanaşı, bacarıq, vərdiş və kompetensiyalar qazanmış olacaqlar.

 

Elmi Şurada “UNEC Professoru” vəzifəsi və onun tutulması haqqında Qaydalar” da müzakirə olunaraq qəbul edilib.

 



26.04.2021 | 15:28