Tibb Universitetində 8 tələbəyə pulsuz göz əməliyyatı

Hər il olduğu kimi, bu il də aprelin 28-də Azərbaycan Tibb Universitetində (ATU) məşhur oftalmoloq, akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş humanitar xeyriyyə aksiyasına start verilib.
Universitetdən bildirilib ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli və oftalmoloq həkim Qurban İsmayılovun təşəbbüsü ilə universitetdə təhsil alan 8 tələbəyə pulsuz göz əməliyyatı edilib.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, bu gün artıq 8 tələbəyə Excimer lazer göz əməliyyatı olunub: “Onlar aztəminatlı ailələrin övladlarıdır. Bu tələbələrin laborator müayinələrindən tutmuş bütün əməliyyat xərclərinə kimi lazım olan hər bir şey pulsuz yerinə yetirilib. Əməliyyat zamanı gənclərin gözündə yüksək dərəcəli miyoplar aradan qaldırılıb və əməliyyat tam fəsadsız başa çatıb”.

 

Aksiya 3 gün ərzində davam edəcək və bu müddətdə ümumilikdə 34 tələbənin əməliyyat olunacağı planlaşdırılır.

 

Qeyd edək ki, ATU rəhbərliyinin təşəbbüsü ilə hər il mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümlərində də tələbələr üçün belə aksiyalar təşkil olunur.



28.04.2021 | 13:33