“Respublikada milli-pedaqoji kadrların hazırlanmasında ADPU-nun rolu”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında ADPU-nun 100 illik və Şamaxı filialının 30 illik yubileyinə həsr olunan “Respublikada milli-pedaqoji kadrların hazırlanmasında ADPU-nun rolu” mövzusunda Elmi-praktik konfrans keçirilib.

 

Filialın direktoru, dosent Tünzalə Yusifova ADPU-nun və onun Şamaxı filialının yaranma tarixi barədə məlumat verib, təhsil ocağının böyük inkişaf yolu keçərək Azərbaycanın ən nüfuzlu ali məktəblərindən birinə çevrildiyini bildirib:”Bu gün ADPU-nun və o cümlədən Şamaxı filialının məzunları Azərbaycanın bütün bölgələrində istər pedaqoji, istərsə də digər dövlət əhəmiyyətli sahələrdə çalışır və ADPU-nu uğurla təmsil edirlər. Ölkədə təhsil sahəsində aparılan islahatlara bütün imkanları ilə qoşulan Şamaxı filialı maddi-texniki bazası, təhsil mühiti, keçirilən beynəlxalq və respublika səviyyəli tədbirləriylə cəmiyyətdə özünə müsbət imic qazanıb. Filialın məzunları vətənpərvərlik ruhunda necə tərbiyə olunmalarını həm də 44 günlük Vətən müharibəsində, ön sıralarda dövlətimizə və dövlətçiliyimizə olan sədaqətləri ilə nümayiş etdirdilər”.

 

“Azərbaycan Dövlət Pedaqoji Universiteti Respublikada pedaqoji təhsilin bayraqdarıdır” mövzusunda məruzə ilə çıxış edən ADPU-nun professoru Məlikməmməd Cəbrayılov universitetin fəaliyyəti boyunca Azərbaycanda kadr hazırlığı prosesinə verdiyi töhfələrdən, yetişdirdiyi minlərlə maarif və ictimai xadimin Azərbaycan cəmiyyətində oynadığı roldan bəhs edib. Ümummilli lider Heydər Əliyevin  hakimiyyətdə olduğu bütün dövrlərdə ADPU-nun çiçəklənmə illərini yaşadığını xüsusi vurğulayıb:” Bu proses bu gün də davam edir və ADPU ən nüfuzlu ali məktəblərdən biri olaraq 20 minə yaxın tələbənin kadr hazırlığını həyata keçirir, həmçinin beynəlxalq əməkdaşlığının əhatə dairəsi də günü-gündən genişlənir. Buna misal olaraq Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramını göstərmək olar”.

 

ADPU-nun məzunlarından olan Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Mirələm Vəliyev bildirib ki, ilk ali pedaqoji təhsil ocağı kimi ADPU üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, bir sıra digər ölkələr üçün də elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirib. M.Vəliyev Şamaxı filialında müəllim olaraq fəaliyyət göstərdiyi illərdən də qürur hissi ilə danışıb.

 

Sonra digər çıxış edənlərin məruzələri dinlənilib.

 



03.05.2021 | 17:11