Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası keçiriləcək

Mayın 5-də paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası keçiriləcək.

 

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

 

Olimpiada zamanı şagirdlərə xas olan məntiqi təfəkkürün qiymətləndirilməsi nəzərdə tutulur. Olimpiadada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 7 000-ə yaxın beşinci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

 

İki mərhələdən ibarət olan olimpiadanın I mərhələsində 30 test sualının cavablandırılması üçün şagirdlərə 2 saat vaxt (120 dəqiqə) ayrılacaq.

 

Olimpiada saat 10:00-da başlayacaq. Şagirdlər ən gec 09:00-da müvafiq mərkəzlərdə olmalıdırlar.

 

İlk mərhələdə yüksək nəticə göstərən şagirdlər olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Final mərhələsinin may ayının sonunda keçirilməsi nəzərdə tutulur.

 

Final mərhələsinin nəticələrinə əsasən, olimpiada qalibləri mükafatlandırılacaqlar.

 

 



04.05.2021 | 11:42