Beynəlxalq müsabiqələrdə qalib gələn tələbələr mükafatlandırılıb

Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən təşkil edilən beynəlxalq “Petrobowl” yarışının regional turunun, eləcə də Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsinin qalibləri olan Bakı Ali Neft Məktəbinin (BANM)  tələbələri mükafatlandırılıb.

 

Belə ki, “Enactus BANM” komandasının kapitanı IV kurs tələbəsi Günel Hüseynli, komanda üzvləri, III kurs tələbələri- Mirkazım Ağayev, Taliyə Məmmədhəsənzadə, Şükran Əlizadə, IV kurs tələbəsi Fidan Aslanova və MBA üzrə təhsil alan Pakizə Talıblı, “Petrobowl” regional yarışında müxtəlif ölkənin 22 komandası arasından I yerə çıxan “SPE BHOS” komandasının üzvləri- Toğrul Tahirov, Kənan Məmmədov, Rəhimə Abbasova, Elnur Əskərov və Xalid Orucov hər biri BANM Həmkarlar İttifaqının hesabına 200 manat məbləğində pul mükafatı əldə edib. 

 

Xatırladaq ki, respublikanın 18 universitetinin iştirak etdiyi “Enactus Azərbaycan Yaz Məktəbi”-nin “Sual-cavab” müsabiqəsində BANM-in komandası verilən bütün sualları doğru cavablayaraq, I yerin qalibi olub.  Bundan başqa, BANM tələbələri Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti tərəfindən təşkil edilən beynəlxalq “Petrobowl” yarışının regional turunda I yerə layiq görülüb.

 

Hər iki qalibiyyət münasibətilə keçirilən onlayn görüşdə BANM-in professor-müəllim heyəti, tələbələri, qalib komandaların üzvləri və onların valideynləri iştirak ediblər.

 

Rektor Elmar Qasımov ali məktəbi və ölkəmizi həm regional, həm də  beynəlxalq səviyyədə hər zaman layiqincə təmsil etdiklərinə görə tələbələrə təşəkkür edib.



04.05.2021 | 16:11