“Nizami Gəncəvi kimi böyük sənətkarı olan xalq, millət xoşbəxtdir”

Bakı Slavyan Universitetinin (BSU) beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunan "Nə qədər ki söz mülkü var..."adlı elmi konfrans keçirilib. BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxışında bildirib ki, hazırda respublikada və dünyanın bir çox ölkələrində Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə və "Nizami Gəncəvi İli"nə həsr olunan müxtəlif tədbirlər keçirilir. Onun sözlərinə görə, BSU-da da qüdrətli söz ustadı Nizami Gəncəvinin ədəbi-bədii irsinin dərindən öyrənilməsi və daha geniş miqyasda təbliğ edilməsi məqsədilə  silsilə tədbirlər keçirilir, tədbirlərin davamlı olması nəzərdə tutulur.

 

Rektor deyib ki, Nizami Gəncəvi kimi böyük sənətkarı olan xalq, millət  xoşbəxtdir:”Nizaminin yaradıcılığı cəmiyyəti sülhə, əmin-amanlığa, ədalətə, xeyirxahlığa, müdrik əməllərə səsləyir. Ümumiyyətlə, Nizami Gəncəvinin bədii yaradıcılığında, dünyagörüşündə, ictimai-siyasi baxışlarında ədalətli cəmiyyət və ədalətli dövlət başçısı məsələsi xüsusi yer tutur. Ədalət hissi çox gözəl və müqəddəs bir hissdir. Ədalət hissi ölkənin, cəmiyyətin, dövlətin qanunun aliliyi əsasında idarə edilməsində müstəsna rol oynayır. Nizami Gəncəvi yaradıcılığı ümumbəşəri xarakter daşıyır. Onun zəngin yaradıcılıgında dərin, düşündürücü məqamlar çoxdur. Humanist və mütərəqqi ideyalarla zəngin olan Nizami Gəncəvi yaradıcılığı müasir dövrümüz üçün çox aktualdır və bütün dövrlərdə öz əhəmiyyətini, dəyərini qoruyub saxlayacaq. Biz həmişə tələbə-gənclərimizə Nizami Gəncəvinin yaradıcılığını, onun irəli sürdüyü humanist ideyaları, yüksək mənəvi-əxlaqi dəyərləri dərindən öyrətməliyik. Bu yaxınlarda BSU-da "Nizami Gəncəvi auditoriyası"nın istifadəyə verilməsi nəzərdə tutulur. Bu da öz növbəsində Nizami Gəncəvi yaradıcılığının daha dərindən öyrənilməsinə və təbliğinə xidmət edir”.

 

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, AMEA-nın Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Rəhim Əliyev, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov  və digər məruzəçilərin mövzuya dair çıxışları olub.

 

Məruzələrdə Nizami Gəncəvi yaradıcılığının səciyyəvi xüsusiyyətləri ətraflı təhlil edilib.

 



04.05.2021 | 17:49