“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti BANM-də

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və “Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti Kolton Tomas, Biznes Əlaqələri üzrə baş menecer Xose İnciarte arasında görüş keçirilib. Görüşün əsas məqsədi tərəflər arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

 

E.Qasımov ali məktəbin fəaliyyətinin əsas istiqamətlərindən danışıb, BANM-ə ölkənin intellektual gənclərinin qəbul olduğunu və təhsil ocağının Prezident təqaüdçülərinin sayına görə ölkə reytinqində ilk sıralarda qərarlaşdığını diqqətə çatdırıb.

 

Rektor qeyd edib ki, məzunların böyük əksəriyyəti  aparıcı yerli və transmilli şirkətlərdə yüksək mövqelərdə çalışır. Həmin şirkətlər arasında “Halliburton” şirkətinin də olduğunu vurğulayan E.Qasımov bu səmərəli əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib.  

 

“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti Kolton Tomas BANM-lə əməkdaşlığa şirkət tərəfindən böyük önəm verildiyini qeyd edib və ali məktəbin tələbələrinin təcrübə proqramı dövründə çox fəal olduqlarını, məzunlarının isə özlərini perspektivli gənc mütəxəssislər kimi sübut etdiklərini deyib.

 

K.Tomas həmçinin şirkətin BANM-lə əməkdaşlıq əlaqələrinin güclənməsində çox maraqlı olduqlarını vurğulayıb.

 

Görüşdə bu il keçiriləcək Yay Təcrübə Proqramına daha çox BANM tələbələrinin cəlb olunması da  müzakirə olunub. Eyni zamanda, onlayn təcrübənin təşkili təklif edilib. “Halliburton” şirkətinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən top menecerlərinin tələbələr qarşısında spiker kimi çıxış etməsi də müzakirə mövzusu olub.

 

 



05.05.2021 | 14:15