“Təhsilə yatırılan investisiya həm qazanclı, həm də uzunmüddətlidir”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil  almaq imkanı qazanan gənclərdən biri də Yusif Əfəndizadədir.  O,  hazırda  Dövlət Proqramı çərçivəsində Fransanın Paris Universitetində doktorantura təhsili alır. Yusif İmran oğlu Əfəndizadə 1993-cu ildə Mingəçevir şəhərində anadan olub. 2000-2011-ci illərdə Mingəçevir şəhər Nizami Gəncəvi adına tam orta məktəbdə təhsil alıb.  Ali təhsil illəri və əldə etdiyi uğurlar barədə isə özü danışacaq.

 

- Bu vaxta qədər ali təhsil həyatınız. Hansı universitetlərdə və hansı ixtisas üzrə təhsil almısınız?

- Orta məktəb illərindən tibb elminə marağım vardı.Tibbə dair ədəbiyyatlar oxuyar, xəstəliklərin yaranma səbəblərini və müalicə mexanizmlərini anlamağa çalışardım. Bəlkə də bu səbəbdən biologiya və kimya fənlərinə hədsiz marağım vardı. Odur ki, qarşıma məqsəd qoymuşdum - həkim olacaqdım. Bu yöndə hazırlıqlarımı davam etdirdim və 2011-ci ildə orta təhsilimi başa vurduqdan sonra ali məktəblərə qəbul imtahanında 604 ballıq nəticə göstərsəm də bu, mənim ödənişsiz əsaslarla Tibb Universitetinin müalicə işi ixtisasına düşməyim üçün yetərli nəticə sayılmırdı. Bu səbəbdən sənədlərimi Qafqaz Universitetinin kimya ixtisasına verdim. İxtisasımın ingiliscə olması seçimimə təsir edən əsas amillərdən idi. Qərar vermişdim ki, əgər həkim ola bilməyəcəkdimsə, tibb elminə kimya tədqiqatçısı kimi fayda verəcəkdim. Nəticədə xəstəliklərin müalicəsində istifadə olunan bütün növ dərman vasitələri kimyaçıların əməyinin bəhrəsidir. Odur ki, Qafqaz Universitetində  ali kimyanın baza biliklərinə yiyələndim.

 

2016-cı ildə bakalavr təhsilimi yaxşı qiymətlərlə başa vurub magistr təhsilimi üzvi kimya ixtisası üzrə Fransanın Lyon Universitetində Fransa dövlət təqaüdü hesabına davam etdirdim. Lyon Universitetindən magistr dərəcəsi ilə məzun olduqdan sonra qazanmış olduğum nəzəri biliklərin məni tam olaraq istədiyim hədəfə götürmək üçün qane etmədiyi qənaətinə gəlmişdim. Bu səbəbdən də qərara gəldim ki, ikinci bir magistr təhsilinə yiyələnməliyəm.

 

Bu dəfə istiqamət Paris Universiteti idi. İxtisas biomolekulyar kimya idi və istəklərimə tam olaraq cavab verirdi. Kifayət qədər perspektivlik vəd edən bu magistr proqramını bir ildə bitirməyə müvəffəq olmuşdum (2019-2020). Diplom işim influenza (qrip) virusuna qarşı spesifik və yeni metodoloji üsullarla dərman sintezinin həyata keçirilməsi idi. Proyekt böyük olduğu üçün hələ də davam edir və artıq ilkin müsbət nəticələr əldə olunub.

 

Hələ magistr təhsilim davam etdiyi müddətdə artıq növbəti təhsil pilləsi-doktorantura üçün eyni universitetin tibbi kimya laboratorıyasından qəbul istəyi  almışdım. Mövzu isə hələ on il əvvəl xəyalını qurduğum gen kimyası idi. Yəni, tam izahını vermiş olsam, günümüzdə həllini tapmayan bir çox genetik xəstəliklərin müalicəsi üçün insanın genetik strukturuna birbaşa təsir edəcək sintetik genetik molekulların sintezi ilə məşğul olacaqdım. 2020-ci ilin oktyabrından başlayan bu marafon daha üç il müddətində davam edəcək.

 

- Dövlət Proqramının təhsilinizdə rolu, əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Fikrimcə,  Dövlət Proqramı, Azərbaycan təhsilinin inkişafı yolunda atılmış çox əhəmiyyətli bir layihədir. Şübhə yoxdur ki, elmə, təhsilə yatırılan investisiya həm qazanclı, həm dayanıqlı, həm də uzunmüddətlidir. Biznes yatırımlarında itirmə riski daim vardır, amma təhsil elə bir sektordur ki, buraya göstərilən cüzi diqqət külli qazanc olaraq geri dönəcək. Və xoş olan odur  ki, bu proses ölkəmizdə artıq başlayıb və xoşbəxtəm ki, mən də bu tarixi layihənin bir parçasıyam.

 

- Doktorant təhsili aldığınız universitet və tədqiqat mövzunuz barədə nə deyə bilərsiniz?

- Hazırda Paris Universitetinin nəzdində fəaliyyət göstərən “Kimya, Biokimya, Farmakologiya və Toksikologiya Laboratoriyası”nda doktorantura təhsilimi davam etdirirəm. Tədqiqat mövzum yuxarıda da qeyd etdiyim kimi genetika elmi ilə bağlıdır. Daha dəqiq desəm, gen terapiyası ilə. Əsas işimiz iki istiqamətdə olmaqla günümüzdə həlli çətin görünən bir çox genetik xəstəliklərin səmərəli və effektiv üsullarla müalicəsinin mümkünlüyünü təmin etməkdir. Belə ki, birinci istiqamət üzrə sintez olunmuş aktivləşdirilməmiş (yalnız insan orqanizminə daxil edildikdən sonra aktivləşdirilir) dərman maddəsini ikinci istiqamət üzrə sintez etdiyimiz insanın gen daşıyıcılarının prototiplərinə “tikməklə” genetik sferada olan nizamsızlığı aradan qaldırmağı hədəf qoymuşuq. Bu cür əhəmiyyətli layihələr, əlbəttə ki, çoxşaxəli elmi əməkdaşlıqların nəticəsində ərsəyə gəlir. Odur ki, kimyaçı olaraq bizim işimiz bununla yekunlaşsa da əldə etdiyimiz nəticələri əməkdaşlıq etdiyimiz biologiya laboratoriyasına göndəririk və orada fərqli analitik prosedurlardan keçən kimyəvi maddələrin effektivliyi sübut olunarsa,  bu zaman artıq növbəti addım, kliniki faza mərhələsi üçün qapılar açılmış olur. Ondan sonrası isə bəllidir. Təbii ki, bütün bunlar hələ ki, hipotezdir və yolun başlanğıcında olduğumu nəzərə alsaq, görüləcək işlərin hələ irəlidə və çox olduğunu deyə bilərəm.

 

- Tədqiqatlarınız  təhsil sistemimiz və xüsusən də  tərəfdaş ali təhsil müəssisəsi üçün nə dərəcədə əhəmiyyətlidir və hansı töhfələr verə bilər?

- Fransadakı təhsilim müddətində belə bir spesifik və perspektiv vəd edən sahədə əldə etdiyim istər praktiki olsun, istərsə də nəzəri biliklərin, düşünürəm ki, ölkəmizdə bu sahənin inkişafına hər hansısa bir formada töhfəsi ola bilər.

 

Əməkdaşlıq etdiyim Xəzər Universiteti ilə də zaman-zaman müəyyən mövzularda müzakirələrimiz olur. Universitet rəhbərliyi təhsil müəssisəsinin tədqiqatlara cəlb olunmasında olduqca maraqlı görünür. Bu, ilkin olaraq müsbət addım kimi qiymətləndirilməlidir. Qərbdəki multidisiplinar çoxşaxəli elmi tədqiqat layihələrinin ölkəmizdə icrasını təmin etmək üçün dövlət və özəl sektorun dəstəyi ilə fondların təsis edilməsi, digər universitetlərin əməkdaşlığa cəlb olunması istiqamətində işlərin görülməsi məqsədəmüvafiq sayılmalıdır.

 

- Təhsil aldığınız universitetə pandemiya necə təsir edib? Hazırda tədris necə və hansı formatda davam edir?

- Artıq bir ildən çoxdur ki, ənənəvi tədrislə, dərs auditoriyaları ilə vidalaşmışam. Necə deyərlər, bir kimyaçının yeri laboratoriyadır. Təhsilin doktorantura pilləsi daha çox tədqiqat əsaslıdır və kimya da praktiki işlər tələb edən bir elm sahəsi olduğu üçün mənim də günümün çox hissəsi laboratoriyada, tədqiqat sahəmə uyğun işlərin aparılması ilə məşğul olmaqla keçir. Fransada universitetlərdə ənənəvi tədrisin hazırda dayandırılmasına baxmayaraq bu hal biz tədqiqatçılar üçün keçərli deyil.

 

- Pandemiya universitetinizdə tələbə-müəllim münasibətlərinə, tələbələrin fəallığına necə təsir edib?

- Hesab edirəm ki, bu mövzu pandemiyanın başlamasından bu yana aktuallığını qoruyub saxlayan və zaman-zaman müzakirə olunan əhatəli bir mövzudur. Məsələyə ümumi prizmadan baxsaq, hər bir təhsil formasının, istər ənənəvi, istərsə də  onlayn təhsilin öz müsbət və mənfi tərəflərinin olduğunu görərik. Onlayn təhsil pandemiya ilə əlaqədar ortaya cıxan bir format deyil. Bundan əvvəl də olub, amma heç vaxt bugünkü kimi geniş tətbiq olunduğunu deyə bilmərik. Bununla belə, bu formatdakı təhsilin hələ ki, başlanğıcında olduğumuzu düşünürəm. Qısası, hələ gediləcək çox yol var. Mənim şəxsi fikrim isə odur ki, uzaqdan tədris ənənəvi tədrisi heç bir halda tamamilə əvəz edə bilməz. Ancaq,  əksi mümkündür. Əsrimiz  texnologiya əsridir və ona görə də düşünürəm ki, ən optimal variantda hər iki təhsil formasının vəhdətini təşkil etmək lazımdır. Bu barədə çox uzun diskussiya aparmaq olar, amma qısa olaraq sualınıza birbaşa cavab verim ki, insan sosial varlıq olduğundan, sözsüz ki, mövcud durum həm tələbə-müəllim, həm tələbə-tələbə, həm də müəllim-müəllim münasibətlərinə ciddi mənada mənfi təsir edir.

 

- Doktorantura təhsilinizdən gözləntiləriniz barədə nə deyə bilərsiniz?

- İlk öncə başladığım layihəni müvəffəqiyyətlə bitirmək ən böyük gözləntimdir. Eyni zamanda buradakı fəaliyyətim dövründə Azərbaycanla bağlı bir neçə əməkdaşlıq layihələrinin yaradılması ilə bağlı da planlarım var. Bunu da Fransada fəaliyyət göstərən və bizim parlaq, ziyalı gənclərimizin öz imkanları hesabına qurduğu “ALİM ELMİ TƏŞKİLATI”nın dəstəyi ilə həyata keçirməyi düşünürük. Ümumilikdə, elmə dair bütün gözləntilərim müsbət yöndədir və hər biri də bəşəriyyət, insanlıq, ölkəmiz və insanlarımızın maariflənməsi, savadlanması istiqamətindədir.

 

- Gələcək planlarınız və hədəfləriniz...

- Dünyadakı durmadan dəyişən ümumi bilik axınında damla qədər də olsa, pay sahibi ola bilmək bir tədqiqatçı üçün böyük xoşbəxtlik olmalıdır. Elm elə bir sonsuz dəryadır ki, burada heç bir sərhəd yoxdur və durmadan araşdırmalı, yeni nələrsə öyrənməlisən. Sonda müsahibəmi görkəmli biokimyaçı və yazar İsak Azimovun sözləri ilə yekunlaşdırmaq istəyərdim: “Təhsil bitirə biləcəyiniz bir şey deyildir”.

 

Oruc MUSTAFAYEV



07.05.2021 | 11:29