“Azərbaycanda Xalq-Dövlət-Ordu birliyinin gücü” mövzusunda elmi konfrans

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Azərbaycanda Xalq-Dövlət-Ordu birliyinin gücü” adlı Respublika elmi konfransı keçirilib.

 

Universitetin rektoru, professor Natiq İbrahimov Ulu öndərin Azərbaycan xalqının tarixində oynadığı böyük roldan, çoxşaxəli fəaliyyətindən, ölkə təhsilinin inkişafına göstərdiyi qayğıdan danışıb, Prezident İlham Əliyevin bu kursu ləyaqətlə davam etdirdiyini deyib. LDU-da son illərdə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlərdən, II Qarabağ savaşında  universitet məzunlarının, tələbələrinin, işçilərinin qəhrəmanlıqla döyüşdüyündən söz açan rektor şəhid və qazi ailələrinə daim qayğı göstərildiyini, bütün kollektivin onlarla fəxr etdiyini və bu istiqamətdə işlərin davamlı olacağını deyib.

 

Tədbirdə universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərovun  “Azərbaycanda Xalq-Dövlət-Ordu birliyinin gücü” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki,  dövlətin və ordunun gücü xalqın birliyi, iradəsi ilə ölçülür:” Xalqımıza hədsiz ağrılar yaşatmış, ölçüyəgəlməz itkilər gətirmiş Qarabağ münaqişəsinə də məhz ümummilli birliyimizlə nail olmaqla son qoyulması tarixi faktdır. Tarix bu sonluqla bir daha sübut etdi ki, ən çətin məsələni də milli birliyin gücü, qüdrəti ilə aşmaq mümkündür; ən sağalmaz milli dərdin də məlhəmi xalq birliyidir; ən vəhşi düşməni də Xalq–Lider–Ordu vəhdətindən yaranan ümummilli birliyin gücü ilə əzib diz çökdürmək olar”.

 

Sonra məruzə ətrafında müzakirələr olub. Çıxış edənlər Ümummilli liderin Azərbaycan təhsilinin inkişafındakı rolundan, ölkədə bu siyasətin uğurlu davamından, Xalq-Lider-Ordu birliyinin gələcək qələbələrin əsası olmasından söz açıblar.

 

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

 

Qeyd edək ki, konfransın işində ölkənin 10-dan artıq universitetindən və Azərbaycan Milli Elmlər Akademiyasının elmi institutlarından müəllim və doktorantlar iştirak ediblər.        

 

 



08.05.2021 | 11:03