“Azərbaycanda LİDAR sistemlərinin tətbiqi perspektivləri”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) iclasında “Azərbaycanda LİDAR sistemlərinin tətbiqi perspektivləri” mövzusunda elmi məruzə dinlənilib.

 

Məruzəni təqdim edən Azərbaycan Milli Aviasiya Akademiyasının (MAA) baş elmi işçisi, Avropa Elmlər Akademiyasının həqiqi üzvü, professor Kərim Allahverdiyev diqqətə çatdırıb ki, MAA-nın rektoru, akademik Arif Paşayevin rəhbərliyi ilə aparılan bu tədqiqatlar istər elmi-nəzəri və tətbiqi, istərsə də strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Belə ki, geniş diapazonda atmosfer aerozollarının parametrlərinin təyini üçün nəzərdə tutulan LİDAR qurğusunun hazırlanması və Azərbaycan ərazisində istifadə edilməsi özündə böyük perspektivlər ehtiva edir. Atmosfer aerozollarının planetin radiasiya balansına, dolayısı ilə iqlim dəyişikliyinə təsirinin öyrənilməsində LİDAR qurğusundan istifadə tələb olunan dəqiqliyə cavab verir və Azərbaycan ərazisində belə bir sistemin qurulması olduqca vacibdir.

 

K.Allahverdiyev qeyd edib ki, son illər MAA-da LİDAR sistemlərinin yaradılması və onların elmi-nəzəri əsaslarının öyrənilməsi istiqamətində bir sıra mühüm nailiyyətlər əldə olunub. SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən elmi proqram çərçivəsində son 5 ildə aparılmış tədqiqatların nəticələri Web of Science elmi bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda 20-dən artıq elmi məqalə şəklində çap edilib, həmin əsərlərə 400-ə yaxın istinad olunub.

 

Ümumiyyətlə, LİDAR lazer zərbələrinə əsaslanaraq müəyyən obyektin yerləşmə məsafəsini, sürətini, formasını, kimyəvi quruluşunu müəyyən edən “aktiv” texnologiya kimi dəyərləndirilir.

 

LİDAR sistemlərinin tətbiqi sahələrindən söz açan məruzəçi vurğulayıb ki, onlardan nəinki kosmik tədqiqatlarda, həmçinin atmosfer, ətraf mühit sahələrində aparılan araşdırmalarda, müdafiə sənayesində  geniş istifadə oluna bilər.

 

K.Allahverdiyev Azərbaycanda hazırlanmış LİDAR sisteminin xüsusiyyətləri, əldə edilmiş ilkin nəticələr haqqında da məlumat verib. Qeyd edib ki, sistemin əsas məqsədi dəniz suyunun səthində olan neftli ləkələri və neft buruqlarının ətrafında müşahidə olunan tullantıları müəyyən etmək və öyrənmək olub. Məruzəçi, həmçinin Pirallahı adası ərazisində LİDAR sistemini tətbiq etməklə apardıqları tədqiqatların nəticələrindən danışıb.

 

K.Allahverdiyevin fikrincə, Azərbaycanda LİDAR sistemləri aviasiya, geologiya, tibb, informasiya texnologiyaları, nəqliyyat sahələrində, ərazilərin minalardan təmizlənməsində, seysmoloji tədqiqatlarda, sənayenin müxtəlif sahələrində istifadə oluna bilər.

 

Məruzəçi, həmçinin türkiyəli, amerikalı, rusiyalı həmkarları ilə mövcud olan beynəlxalq əməkdaşlığın gələcək perspektivlərindən də danışıb.

 

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi Şurasının sədri, akademik Rasim Əliquliyev qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında cəmiyyətin bütün sferalarında yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi və innovativ fəaliyyətin təşkili dayanır. Alim vurğulayıb ki, həyatın istənilən sahəsində qabaqcıl elmin tətbiqi, milli intellektual məhsulların formalaşması, daxili bazarın öz iqtisadi təhlükəsizliyini qoruyub saxlaması və xaricdən asılılığın azalması, qlobal dünyaya inteqrasiya, eyni zamanda inkişaf etmiş ölkələrlə müxtəlif sferalarda səmərəli əməkdaşlıqların təşkili Azərbaycanın regionda lider dövlətə çevrilməsinə rəvac verir.

 

“Elm, innovasiya və yüksək texnologiyalar sahəsində aparılan məqsədyönlü siyasət, kosmik sənayenin formalaşdırılması, nüvə, nano və biotexnologiyaların tətbiqi üzrə aparılan tədqiqatlar Azərbaycanın yüksələn xətlə inkişafını şərtləndirən amillərdəndir”, – deyə alim bildirib.

 

R.Əliquliyevin fikrincə, Azərbaycanda LİDAR sistemlərinin tətbiqi perspektivləri fizika, kompüter elmləri, idarəetmə sistemləri sahəsində tədqiqatlar aparan mütəxəssislərin qarşısında multidissiplinar vəzifələr qoyur.

 



08.05.2021 | 12:08