UNEC tələbələri Selçuk Bayraktarın TEXNOFEST yarışının növbəti mərhələsində

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri TEKNOFEST yarışının növbəti mərhələsinə çıxıblar.

 

TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar tərəfindən irəli sürülən və artıq dördüncü ildir təşkil edilən beynəlxalq festivalın əsas mahiyyəti gənclər arasında aviasiya, kosmik və texnoloji bacarıqları ortaya çıxarmaq, yeni ideya və təşəbbüsləri dəstəkləməkdir. Dünyanın ən böyük texnologiya yarışında bu il 84 ölkənin gəncləri müxtəlif texnoloji ideyalarını təqdim ediblər. Yarışın builki açılışında Selçuk Bayraktarın səsləndirdiyi “Roketdən avtonom sistemlərə, kənd təsərrüfatından sualtı sistemlərə, biotexnologiyadan insanlığa faydalı texnologiyalara qədər gənclərimizin milli texnologiya sahəsindəki fəaliyyətlərinə dəstək olmaq istəyirik”-fikirləri layihənin əsas vizyonunu təşkil edir.

 

“Milli texnologiya həmləsi” şüarı ilə keçilən festivala UNEC tələbələrindən ibarət komanda iki mərhələdən uğurla keçərək, sonuncu mərhələyə vəsiqə qazanıb.

 

UNEC Rəqəmsal iqtisadiyyat fakültəsinin 3-cü kurs tələbələrindən ibarət “Azerbaijan AgroDrone” komandası aqrar texnologiyalar kateqoriyasında spesifik dron ideyası təqdim edib. İdeyanın reallaşdırılması ilə kənd təsərrüfatında az xərclərlə məhsuldarlığın artırılması mümkün olacaq. Yarışın növbəti mərhələsinə qədər sözügedən ideyanın ilk prototipi hazırlanacaq. TEKNOFEST Türkiyə Texnologiya Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə dəstəyi ilə təşkil olunur. Yarışda 34 kateqoriya müəyyən edilib. 21-26 sentyabrda müəyyən olunacaq qalib komandalar 4 milyon Türkiyə lirəsi (TL) dəyərində mükafat da əldə edəcəklər.

 

Bu barədə UNEC-dən məlumat verilib.

 



12.05.2021 | 10:41