“Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” adlı vebinar təşkil edilib.

 

Tədbirə yerli və transmilli şirkətlər, dövlət müəssisələri, müxtəlif ali məktəbləri təmsil edən, ümumilikdə 500-dək iştirakçı qatılıb.   

BP şirkətinin AGT regionunda İnsan resursları üzrə vitse-prezidenti Elnarə Məmmədova, “Schlumberger” şirkətinin Azərbaycan və Gürcüstan üzrə meneceri Mariya Yunda, “Halliburton” şirkətinin İnsan Resursları, İnkişaf üzrə koordinatoru Vüsalə Əkbərova  xanımların mühəndislikdəki rolundan danışıb, öz təcrübələrini bölüşüblər.

 

BANM-in rektoru Elmar Qasımov son illər istər yerli, istərsə də beynəlxalq əmək bazarında yüksəkixtisaslı mühəndis qadınlara tələbatın artığını bildirib. O, qadınların da ən az kişilər qədər mühəndislik sahəsində uğurlu olduğunu diqqətə çatdırıb. Rektor eyni zamanda, qızların bu sahəyə ildən-ilə marağının artdığını, BANM-də ən yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən tələbələr, yerli və transmilli şirkətlərdə yüksək vəzifələrdə çalışanlar arasında qızların xüsusi çəkiyə malik olduğunu qeyd edib.

 

Digər məruzəçilər də öz növbəsində qadınların iş imkanlarından yararlanması, layiqli iş yerləri ilə təmin edilməsi və uğurlu karyera qurması üçün mövcud çətinliklər, gender əsaslı amillər, eləcə də qadın və kişilərin mühəndislik sahəsində uğurlu iştirakına  şərait yaradan məqamlardan bəhs ediblər.

 

Vebinar iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.



16.05.2021 | 15:21