Magistrantların XXI Respublika elmi konfransı başlayıb

 

Sumqayıt Dövlət Universitetində (SDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən Magistrantların XXI Respublika elmi konfransı keçirilib.

 

Konfransda müxtəlif  ali təhsil müəssisələrinin struktur rəhbərləri və professor-müəllim heyəti iştirak edib.

 

SDU-nun rektoru, professor Elxan Hüseynov universitetdə  gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb,  artıq 21-ci ildir ki, Magistrantların Respublika elmi konfranslarının  SDU-da gerçəkləşdiyini,  ali təhsil müəssisələrində elmi tədqiqatın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, tələbə və magistrantların təhsil aldıqları dövrdə elmi araşdırmalara fəal cəlb edilmələrinin vacibliyini bildirib. Qeyd edib ki, konfransda iştirak edənlərin sayının artması tədbirin nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir:” 2020-ci ildə XX Respublika elmi konfransında 12 elm və təhsil müəssisəsindən 700 nəfərdən çox magistrant iştirak edirdisə, builki konfransa respublikanın 19 elm və təhsil müəssisəsindən 1400-ə yaxın məruzə materialları daxil olub. Məruzə materiallarının ilkin ekspertizasından sonra 1250 tezis konfransın gündəliyinə daxil edilib və konfransın materialları toplusu şəklində çap olunub. Bu, ilk növbədə magistrantların elmi konfranslara marağının artmasının nəticəsidir, digər tərəfdən, konfransı təşkil edən Təşkilat Komitəsinin apardığı ardıcıl və səmərəli işin göstəricisidir”.

 

Sonra  müxtəlif universitetləri təmsil edən magistrantların çıxışları olub. Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı Emin Əliyev “İzopropanolun asetona oksidləşdirici-dehidrogenləşmə prosesinin reaktor qovşağının riyazi modelləşdirilməsi və optimallaşdırılması ”, SDU-nun magistrantı Nicat Hüseynov “Addım mühərriki və onun arduino mikrokontrollerinə inteqrasiyası”, Bakı Slavyan Universitetinin magistrantı Hürzət İskəndərova “Dilin lüğət tərkibi və lüğət fondu”, Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Xanım Paşayeva “Müəssisələrdə şəbəkələrin qurulması zamanı tətbiq olunan təhlükəsizlik üsulları ”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistrantı Mehin Zeynalova “İstilik elektrik stansiyalarının ətraf mühitə təsiri” mövzularında məruzə ilə çıxış ediblər.

 

Konfransda Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin direktoru, professor Etibar Məmmədov, ADNSU-nun Magistratura bölməsinin dekanı, dosent Əzizağa Qurbanov ənənəvi olaraq hər il SDU-da keçirilən konfransı müsbət dəyərləndirib, ölkədə elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldiyini, gənclərin elmi yaradıcılığa daim diqqət göstərdiyini bildiriblər.

 

Konfrans öz işini 18 bölmədə iki gün davam etdirəcək.

 

 



18.05.2021 | 11:24