ADAU-nun rektoru Almaniyada səfərdədir

Dünyanın 20 ölkəsinin 60-dan artıq universiteti ilə əməkdaşlıq edən Azərbaycan Dövlət  Aqrar Universitetinin (ADAU) geniş  əməkdaşlıq etdiyui ölkələrdən biri də Almaniyadır. Hər il onlarla tələbə, əməkdaş təhsil almaq, təcrübə keçmək, bilik və bacarıqlarını artırmaq məqsədiilə Almaniya Federativ Respublikasının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrinə göndərilir. Ümumilikdə  ADAU-nun  Almaniyanın aqrar sahə üzrə kadr hazırlığı ilə məşğul olan 10-a yaxın ali təhsil müəssisəsi ilə geniş ikitərəfli əlaqələri mövcuddur.

 

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə, təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor Ibrahim Cəfərov Almaniyanın Vaynştefan Trizdorf Universitetində səfərdədir. Səfərin əsas məqsədi 20 ildən artıq bir müddətdə mövcud olan əlaqələrin gücləndirilməsi istiqamətində işləri təkmilləşdirmək, bakalavriat və magistr səviyyələrində menecment (alman proqramı) ixtisasının beynəlxalq akkreditasiyasını müzakirə  etməkdən ibarətdir.  5 günlük rəsmi səfər çərçivəsində kənd təsərrüfatı fakültəsinin dekanı, proqram rəhbəri prof. dr. Ralf Schlauderer və universitetin rektoru dr. Eric Veulliet ilə  görüşlər təşkil olunub, akkreditasiyanın mümkünlüyü istiqamətində, əlaqələrin daha geniş müstəvidə inkişafı sahəsində addımlar atılıb. Səfər ərəfəsində rektor Ibrahim Cəfərov bu universitetdə ERASMUS + proqramı çərçivəsində bakalavriat səviyyəsinin və MBA magistr proqramı çərçivəsində təhsil alan ADAU-nun 15 tələbəsi ilə görüşüb. Görüş zamanı rektor tələbələrin yaşayış və məişət şəraiti ilə maraqlanıb, eyni zamanda təhsilləri ilə bağlı məsələlər müzakirə edilib, mövcud problemləri dinləyən rektor  bu problemlərin aradan qaldırılması istiqamətində mümkün köməklik göstərib.

 

Ibrahim Cəfərov iyunun 24-də rektorların görüşündə Özbəkistanın Daşkənd Dövlət Aqrar Universiteti, Əndican Kənd Təsərrüfatı İnstitutu, Ukraynanın Sumi Milli Aqrar Univeristeti və Serbiyanın Nova Pazar Dövlət Universiteti ilə əməkdaşlıq müqavilələri də imzalayıb.

 

 



25.06.2018 | 18:21