BDU ilə Rusiya İqtisad Universiteti arasında əməkdaşlıq sazişi

Bakı Dövlət Universiteti (BDU) və Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti (RİU) arasında əməkdaşlıq sazişi imzalanıb.

 

RİU-nun Elmi Şurasının onlayn formatda təşkil olunan iclasında Rusiyada işgüzar səfərdə olan və RİU-nun məzunu olmuş Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Azərbaycandan olan yüksək səviyyəli nümayəndə heyəti, Rusiya Federasiyası elm və ali təhsil nazirinin müavini Natalya Boçarova, BDU-nun rektoru Elçin Babayev, RİU-nun rektoru İvan Lobanov iştirak ediblər.

 

RİU-nun Elmi Şurasının qərarı ilə Baş nazir Əli Əsədova Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin fəxri doktoru adı verilib, diplom və mantiya ona təqdim edilib.

 

BDU-nun rektoru Elçin Babayev ali təhsil ocaqları arasında münasibətlərin də, xalqlar arasındakı münasibətlər kimi ortaq dəyərlər üzərində dayandığını  vurğulayıb. Mədəni-humanitar sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən BDU rektoru bu istiqamətdə təhsil sahəsinin də aparıcı rola malik olduğunu qeyd edib.

 

E.Babayev imzalanan müqavilənin hər iki universitetdə iqtisadiyyat və digər ixtisaslaşmaların inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

 

RİU-nun rektoru İ.Lobanov da ali məktəblər arasında əməkdaşlığa xüsusi önəm verdiklərini söyləyib.

 

İmzalanan saziş çərçivəsində hər iki universitet birlikdə elmi tədqiqatların aparılması və birgə innovativ fəaliyyətin həyata keçirilməsi, təhsil proqramlarının, xüsusən tələbə mobilliyi proqramlarının işlənilib hazırlanması, birgə seminar, konfrans, simpozium və digər tədris, elmi tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.

 



22.05.2021 | 13:29