ADNSU Çində yaradılan Alyansın həmtəsisçisi olub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "Sənaye müəssisələrinin, universitetlərin, elm, texnologiya və enerji təhsili sahəsində İpək yolu tədqiqat təşkilatları Alyansı"nın həmtəsisçisi olub.

 

Universitetdən bildirilib ki, Çin Xalq Respublikasının Şensi əyalətinin Sian şəhərində 5-ci Beynəlxalq İpək Yolu Sərgisi çərçivəsində Sian Neft Universitetinin təşəbbüsü ilə Alyansın təsis konfransı keçirilib. ADNSU-nu bu tədbirdə Çindəki rəsmi nümayəndəsi f.d. (PhD) Li Renying təmsil edib.

 

Qeyd edək ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlının adına bir qədər əvvəl yeni təşkilatın həmtəsisçisi olmaq və konfransda iştirak üçün müvafiq dəvət məktubu göndərilib. Məktubda həmçinin,  dünyanın bir çox ölkəsi üçün yüksək ixtisaslı kadrların hazırlanmasında, qabaqcıl texnologiyaların inkişaf etdirilməsində və mühüm texniki həllərin həyata keçirilməsində dünyanın ən qədim neft, qaz profilli ali təhsil müəssisəsi kimi ADNSU-nun xüsusi rolu qeyd edilib.

 

İmzalanma mərasimində və “Bir kəmər, bir yol” Enerji Proqramı ”adlı dəyirmi masada 50-dən çox müvafiq dövlət idarələrinin, təşkilat və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. ADNSU ilə yanaşı, Sian Neft Universiteti (Prezident - professor Li Tiantai) və Çinin Şimal-Şərq Neft Universiteti (Prezident - professor Jiang Minghu) yeni təşkilatın həmtəsisçiləri müəyyən ediliblər.

 

Onu da qeyd edək ki, konfransın keçiriləcəyi yerin seçilməsi təsadüfi deyildi: qədim Sian şəhəri Çinin mühüm siyasi-mədəni mərkəzi və İpək Yolunun başlanğıc nöqtəsidir.

 

Alyans elm, texnologiya və enerji təhsilinin inteqrasiyasında gələcək əməkdaşlıq, mübadilə üçün Çin  və “Bir kəmər, bir yol” proqramına qatılan ölkələr arasında platforma olacaq.

 

 



25.05.2021 | 10:23