BDU Azərbaycan universitetləri arasında yenə liderdir

“Clarivate Analytics” beynəlxalq informasiya agentliyinin rəsmi məlumatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları, doktorantları və tələbələri tərəfindən bu agentliyin “Web of Science” bazasına daxil olan dərgilərində artıq 3201 elmi əsər nəşr edilib. Bu əsərlərə 15292 dəfə  istinad edilib. BDU-nun h-indeksi (h -indeks və ya Hirş indeksi  alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi məqalələr və həmin məqalələrə istinada görə kəmiyyət göstəricisidir) 46-ya (bu o deməkdir ki, bu bazaya daxil olan dərgilərdə nəşr edilmiş 46 elmi əsərin hər birinə ən azı 46 dəfə istinad edilib), hər bir əsərə edilən istinadların orta sayı isə 4,78-ə qədər yüksəlib. Universitetdən bildirilib ki, 2016-cı ilin sonunda BDU-nun h-indeksi 29-a bərabər olub. Dərc edilən elmi əsərlərin sayı, həm də onlara edilən istinadların sayı xüsusilə son illər sürətlə artır. Belə ki, təkcə 2020-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 393 əsər nəşr edilib ki, bu da 2016-cı ildə nəşr edilən əsərlərin sayından 1.8 dəfə çoxdur. 2020-ci ildə BDU əməkdaşları, doktorantları və tələbələri tərəfindən nəşr edilən əsərlərə 3161 dəfə istinad edilib ki, bu da  2016-cı ildə edilən istinadların sayından 3 dəfə çoxdur. Həmçinin 2021-ci ilin ilk 5 ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 78 elmi əsər nəşr edilib və nəşr edilən əsərlərə 1325 dəfə istinad olunub.

 

2020-ci ildə bütövlükdə Azərbaycan üzrə “Web of Science” bazasına daxil olan dərgilərdə dərc edilmiş 1943 elmi əsərdən 393 əsər BDU əməkdaşlarına aiddir. “Clarivate Analytics”  şirkətinin “InCites” qiymətləndirmə sisteminin nəticələrinə əsasən, 2016-2020-ci illər ərzində bütövlükdə Azərbaycan üzrə dərc olunmuş elmi əsərlər içərisində BDU-nun payı 19% və Azərbaycandakı bütün universitetlər üzrə dərc olunmuş elmi əsərlərdə isə 43% təşkil edir. Həm struktur islahatlarının aparılması, həm də prioritet istiqamətlərin dəqiqləşdirilməsi 2020-ci ildə COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub.  Belə ki, BDU əməkdaşlarının 2020-ci ildə Q1 və Q2 kvartil kateqoriyalı jurnallarda dərc etdirdiyi elmi məqalələrin sayı 2016-cı illə müqayisədə 1.3 dəfə artıb.

 

 



25.05.2021 | 13:27