ATU ilə Qazi Universiteti arasında əməkdaşlıq memorandumu

Səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Teymur Musayev Azərbaycanda səfərdə olan Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb. Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli də bu görüşdə iştirak edib. Görüş çərçivəsində iki ali məktəb arasında əməkdaşlıq memorandumu imzalanıb. 

 

Professor G.Gəraybəyli rəhbəri olduğu ali məktəblə Türkiyənin tibb üzrə ixtisaslaşmış universitetləri arasındakı əlaqələrdən danışıb. Bildirib ki, pandemiya dönəmində ATU ilə Qazi Universiteti arasında qarşılıqlı fəaliyyət davam etdirilib:”Tələbələrimiz  Qazi Universitetində keçirilən Tibb bacısı, Stomatologiya və Tibb ixtisasları üzrə dərslərə onlayn qatılıblar. Qeyd edim ki, ATU-da keçən ildən etibarən 4 yeni ixtisas üzrə qəbul aparılır. Bu ixtisaslar üzrə də türkiyəli həmkarlarımızdan kömək görürük”.

 

Qazi Universitetinin 95 yaşı olduğunu bildirən rektor, professor Musa Yıldız isə 11 fakültə, 1 kollec, 3 peşə məktəbi və 5 institut ilə insanların xidmətində olduqlarını nəzərə çatdırıb. “Qardaş Azərbaycana hər zaman bütün imkanlarımızla yardım etməyə hazırıq. “İki dövlət, bir millət” anlayışı Qarabağ müharibəsi ilə tam şəkildə təsdiqləndi”-deyə rektor vurğulayıb.

 

Görüşdən sonra qonaqlar ATU-nun Tədris Stomatoloji Klinikasında tələbələr üçün yaradılan şəraitlə tanış olub, Tədris Cərrahiyyə Klinikasına baş çəkiblər. Klinikanın direktoru, professor Surxay Hadıyev klinika haqqında geniş məlumat verib. Tədris Treninq Mərkəzində yeni nəsil robotlar qonaqlara təqdim edilib.

 

Nümayəndə heyəti ATU-nun Anatomiya Muzeyində də olub. Muzeydəki unikal eksponatlarla bağlı heyranlıqlarını gizlətməyən qonaqlar “sintetik meyit”ə xüsusi maraq göstəriblər.



26.05.2021 | 11:00