“Vətən mənə oğul desə...” layihəsi çərçivəsində növbəti görüş

Dövlət Gömrük Komitəsinin Akademiyası Vətən müharibəsində iştirak etmiş media nümayəndələri və gömrük xidməti əməkdaşları ilə silsilə görüşlər nəzərdə tutan “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində növbəti görüşü təşkil edib.

 

Onlayn görüşdə II Qarabağ müharibəsinin iştirakçısı olan media nümayəndələri - ARB TV-nin əməkdaşı Mail Əsgərov, “Oxu.az” xəbər portalının müxbiri Aqşin Kərimov, habelə II Qarabağ müharibəsinin iştirakçısı, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş İdarəsinin Biləsuvar postunun inspektoru, baş leytenant Vasif Əliyev, həmçinin akademiyanın rəhbərliyi, əməkdaş və tələbələri iştirak ediblər.

 

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov akademiya tərəfindən artıq ikinci belə bir görüşün təşkil olunduğunu deyib, sözügedən layihənin və görüşün mahiyyətindən söz açıb. Media nümayəndələri tərəfindən Qarabağ həqiqətlərinin, Vətən müharibəsi gerçəkliklərinin yayılmasının vacib olduğuna diqqət çəkən akademiya rəisi bununla yanaşı, gənclərin milli ruhda böyüməsinin, Vətənə, torpağa, dövlətə və dövlətçiliyə sevgi hissi ilə tərbiyə olunmasının zəruriliyini qeyd edib. Azərbaycanın inkişafı, gələcək tərəqqisi, ölkəmizin dünya birliyində daha da güclü, özünə layiqli yer tutması üçün bu Qələbənin əhəmiyyətini vurğulayan Q.Novruzov Azərbaycanın illər ərzində 20 faiz ərazisinin işğal altında olmasına və ayrı-ayrı beynəlxalq güclərin ədalətsiz, qərəzli münasibətinə baxmayaraq, kifayət qədər ciddi bir inkişaf yolu keçdiyini diqqətə çatdırıb.

 

Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş İdarəsinin Biləsuvar postunun inspektoru Vasif Əliyev hər bir Azərbaycan vətəndaşı kimi Vətənə olan borcunu ödəmək üçün cəbhəyə yollandığını bildirib. 2020-ci il sentyabr ayının 27-dən Füzuli istiqamətində ön xəttə vuruşaraq, ağır yaralanan gömrükçü öz döyüş yolu haqqında məlumat verib.

 

ARB TV-nin əməkdaşı Mail Əsgərov 44 günlük Vətən müharibəsində dövlət-xalq birliyindən danışaraq Azərbaycanda yaşayan bütün etnik qrupların, kimliyindən, peşəsindən asılı olmayaraq, hamının cəbhədə çiyin-çiyinə döyüşdüyünü qeyd edib.

 

“Oxu.az” xəbər portalının müxbiri Aqşin Kərimov da öz döyüş yolundan bəhs edib,  44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının üzərinə müqəddəs bir missiya kimi qoyduğunu vurğulayıb. A.Kərimov 30 illik  nisgilin qələbə sevinci ilə əvəzlənməsində əsgər olaraq öz iştirakından məmnunluq duyduğunu söyləyib. Gömrük Akademiyasının tələbələrinə gələcəyin yüksək ixtisaslı mütəxəssisləri olmalarını arzulayıb.

 

Tədbirdə iştirak edən media nümayəndələri akademiya rəhbərliyinə qazi jurnalistlərlə görüşlərin keçirilməsinə görə minnətdarlıq edib, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında belə layihələrin vacibliyini bildiriblər.

 



26.05.2021 | 15:35