29-30 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 29-30 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2021/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

 

 

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə buradan tanış olmaq mümkündür.

 

İmtahan iştirakçıları arasında 1 nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu maksimal olan 300 bal toplayıb. Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərib.

 

İmtahan nəticələri ilə əlaqədar Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 27-30 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

 



26.05.2021 | 15:17