ADNSU-da “Kapital Bank otağı”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni auditoriyanın - “Kapital Bank otağı”nın açılışı olub.

 

Bank tərəfindən təmir olunan və ADNSU-nun lazımi avadanlıqlarla təchiz etdiyi auditoriyada iqtisadiyyat və menecment fakültəsinin tələbələrinə universitetin professor və müəllimləri ilə yanaşı, “Kapital Bank”ın mütəxəssislərinin də mühazirələri, təlimləri təşkil olunacaq.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Kapital Bank”la mövcud əməkdaşlıq əlaqələrindən danışıb, əməkdaşlığın tələbələrin tədrisinə müsbət təsir göstərəcəyini deyib. Rektor müasir əmək bazarının tələblərinə maksimal dərəcədə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasının ali məktəblərin müəssisə və təşkilatlarla əməkdaşlığı olmadan təsəvvür edilməsinin çətinliyini vurğulayıb. Qeyd edib ki, əməkdaşlıq və açılışı edilən yeni auditoriya qarşıda çox zəngin faydalı iş münasibətlərinin qurulmasından xəbər verir. 

 

“Kapital Bank”ın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Emin Məmmədov ADNSU ilə əməkdaşlığın həm bank, həm də ali məktəb üçün faydalı olacağını diqqətə çatdırıb. “Kapital Bank otağı”nda bankın əməkdaşları ilə tələbələr arasında keçiriləcək mühazirə və təlimlərin kadr hazırlığına müsbət töhfə verəcəyinə  əminliyini ifadə edən E.Məmmədov ADNSU tələbələri üçün təcrübə proqramlarının, fərdi inkişaf layihələrinin gələcəkdə daha geniş şəkildə təşkil olunacağını vurğulayıb. 

 

Tədbirdə “Kapital Bank”ın İnsan Resurslarının İdarə Edilməsi Departamentinin direktoru Fərqanə Məmmədova, ADNSU-nun dosenti İlham Rüstəmov çıxış edərək universitet və bank əməkdaşlığının faydasından, bu auditoriyada təhsil alacaq tələbələrin gələcək uğurlarından danışıblar.

 



27.05.2021 | 17:22