ADNSU-nun paralimpiyaçı tələbəsinin hədəfi Olimpiya birincisi olmaqdır

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Vəli İsrafilov cari il mayın 19-da Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının qızıl medalına sahib olub. O göstərdiyi uğurlu nəticəyə görə “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Bu münasibətlə ADNSU-nun rektoru, professor Mustafa Babanlı 20 yaşlı paralimpiyaçı çempionumuz Vəli İsrafilovu qəbul edib və ona təbrikini çatdırıb. Görüş zamanı rektor Mustafa Babanlı təkcə elmdə, təhsildə yox, hər bir sahədə uğur qazanan gənclərimizin yanında olduğunu, onları hər zaman dəstəkləyəcəyini bildirib.

 

Biz də paralimpiyaçı idmançımızla görüşüb qazandığı uğurlardan, yeni hədəflərindən danışdıq.  Qeyd edək ki, Vəli İsrafilov ADNSU-da Elektroenergetika ixtisası üzrə, ingilis dili qrupunda təhsil alır, ikinci kurs tələbəsidir. İdmanla yanaşı, dərslərindən də geri qalmır, aktiv tələbədir. O, Uşaq Paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasını orada başlayıb. Artıq 12 yaşından peşəkar üzgüçü kimi böyük arenalara baş vurub. İndiyə qədər bir neçə beynəlxalq və yerli idman yarışlarının qalibi və iştirakçısı olub.

 

Vəli bizimlə söhbətində bildirdi ki, idmana olan həvəsi sonsuzdur, həm də dərslərinə diqqətlə yanaşır.  O, nə qədər çətin olsa da, idmanla bərabər, dərslərini də vaxtında çatdırdığını, imtahanlara yüksək səviyyədə hazırlaşdığını deyir: “Məşqlərimi Bakı Su İdman Sarayında edirəm. Bəzən yarışlarımla imtahanlarım eyni vaxta düşür. Sudan çıxıb dərhal bir otağa çəkilib onlayn imtahanlarıma qoşuluram. Dərslərdən geridə qalanda və başa düşmədiyim bir mövzu olanda, müəllimlərimdən soruşuram, sağ olsunlar, vaxt ayırıb bilmədiklərimi mənə izah edirlər. İdman müəllimlərim də tələbə olduğumu nəzərə alıb mənə şərait yaradırlar ki, dərslərimdən də geri qalmayım”.

 

Vəli sonuncu dəfə 100 metr məsafəyə brass üsulunda üzgüçülük yarışlarında 1 dəqiqə 4 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyaraq birinci yeri qazanıb. Arzusu ölkəmizin bayrağını ən uca zirvələrdə dalğalandırmaqdır. Qarşıdan çox güclü idmançıların qatılacağı “Tokio-2020” Yay Paralimpiya Oyunlarının keçiriləcəyini nəzərə alan idmançımız ciddi məşq edir. Deyir ki, hədəfim qarşıdakı Paralimpiya Oyunlarının qalibi olmaq və dünya rekordunu qırmaqdır.

 

Gənc paralimpiyaçımız ADNSU-ya qəbulu özü üçün uğur qapısı adlandırır: “Universitetə qəbul olanda çox sevinmişdim. O zamana qədər Dünya çempionatında üçüncü yeri qazanmışdım. Qəbul zamanı bu universiteti seçməyim mənim üçün düşərli oldu, həm də idmanda böyük uğurlara imza atdım. İndi də çox şadam ki, ADNSU-nun tələbəsiyəm. Burada təkcə qəbul olduğum ixtisas üzrə təhsil almıram, həm də bu universitet idman karyerama güclü dəstək olur. Sonuncu dəfə çempion olanda məni ilk təbrik edənlər ADNSU-nun rəhbərliyi və bir neçə müəllimim oldu. Bu günlərdə ADNSU-nun rektoru, professor Mustafa Babanlının Avropa çempionu olmaq münasibəti ilə məni qəbul etməsi, məsləhətlər verməsi, dəstək olması özü mənim üçün böyük uğurdur”.

 

Elnur MƏDƏTOĞLU

 



04.06.2021 | 17:30