Şəhid məzunun ailəsi ziyarət olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Şirvan şəhərində universitetin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunu Yusif Cəfərovun ailəsinə baş çəkiblər.

 

Ailə üzvləri ilə görüşdə MDU rektorunun müşaviri Ramin Məmmədov 30 il həsrətini çəkdiyimiz  əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsində şəhidlərin mühüm pay sahibi olduğunu söyləyib.  Vətənə, xalqa və dövlətə layiqli övlad yetişdirən şəhid anası Gülbəniz Əliyevaya dərin ehtiramını bildirən R.Məmmədov ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib.

 

Y.Cəfərovun universitetdə təhsil aldığı illəri xatırladan MDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev onun vətənpərvər, nizam-intizamlı və çalışqan tələbə olmasından söhbət açıb.

 

Görüşdə Y.Cəfərovun keçdiyi şərəfli döyüş yolundan və göstərdiyi şücaətlərdən də danışılıb.

 

Şəhidin ailə üzvləri və yaxınları göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən işlərin çevik və səmərəli əlaqələndirilməsini təmin etmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzi də yaradılıb.

 



07.06.2021 | 12:16