Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 9-10 iyun 2021-ci il tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək

 

DİM-dən bildirilib ki, imtahanlar respublikanın 29 şəhər və rayonunda təşkil olunacaq.

 

İmtahanlar saat 11:00-da başlanır. 

 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-      İmtahana buraxılış vərəqəsi;

-     Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-      Şəxsiyyəti təsdiq edən sənədin əsli:

 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

-   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 1-dən etibarən çap edib götürə bilirlər.

 

İyunun 9-da keçiriləcək imtahanda 21423, iyunun 10-da keçiriləcək imtahanlarda isə 22215 nəfər olmaqla, ümumilikdə 43638 şagirdin iştirakı nəzərdə tutulur.

 

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

 

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.

 

 



07.06.2021 | 11:17