Naxçıvan Dövlət Universiteti tələbələrinin istehsalat təcrübəsi başlayıb

Naxçıvan Dövlət Universiteti tibb fakültəsi tələbələrinin istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev təcrübə prosesində görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, ali təhsil ocağında bütün ixtisaslar kimi tibb fakültəsinin tələbələri də mütəmadi olaraq təcrübə dərslərində iştirak edir, muxtar respublikanın ən son tibbi avadanlıqlarla təchiz edilən xəstəxanalarında praktiki dərslər keçir, peşəkar həkim kollektivi ilə işləmək imkanı qazanırlar. Bu da tələbələrin gələcəkdə ixtisaslı həkim kimi formalaşmasına xidmət edir.

 

Vurğulanıb ki, tibb fakültəsində müasir avadanlıqlarla zəngin laboratoriyaların mövcudluğu burada keçirilən nəzəri biliklərin təcrübi cəhətdən mənimsənilməsində mühüm rola malikdir. İstehsalat təcrübələrinin əhəmiyyətindən danışan rektor qeyd edib ki, təcrübələrin sonunda tələbələrin davamiyyəti və bacarıqlarının qiymətləndirilməsi həyata keçiriləcək. Bununla yanaşı, təcrübələrin gedişatına nəzarət etmək məqsədilə universitetin və  Naxçıvan Səhiyyə Nazirliyinin təhkim etdiyi nümayəndələr heyəti yaradılıb.   

 

“İstehsalat təcrübələri üçün metodiki göstərişlər” mövzusunda çıxış edən tibb fakültəsinin dekanı Elsevər Əsədov istehsalat təcrübəsinin yeni standartlara və tədris planına müvafiq həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, tədris planına uyğun olaraq  Müalicə işi, Tibbi profilaktika, Stomatologiya, Əczaçılıq ixtisaslarında təhsil alan tələbələr müvafiq olaraq 2,3 və 4 həftə müddətində təcrübə dərslərində iştirak edəcəklər.

 

Ümumi təbabət və kliniki fənlər kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev istehsalat təcrübələrinin tələbələrin bilik və bacarıqlarının formalaşmasında rolu mövzusunda çıxış edərək tələbələrin təcrübə müddətində hansı tapşırıqları yerinə yetirməli olduqları, həkim-xəstə münasibətlərinin qurulması və proqramda nəzərdə tutulan tibbi vərdişlərə yiyələnmələrindən danışıb.

 

Daha sonra Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov “Stomatoloji kadr hazırlığında praktiki vərdişlərin rolu”  mövzusunda çıxış edib.

 

Tədbirin sonunda Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva təcrübi dərslərin keçirilməsinin tələbələrin ixtisaslı həkim kimi formalaşmasında xüsusi rola malik olduğunu bildirib.

 

 



09.06.2021 | 10:18