ADAU-da Qarabağ müharibəsində iştirak etmiş əməkdaşlarla görüş

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali məktəbin 2-ci Qarabağ müharibəsində iştirak etmiş 6 əməkdaşı ilə görüş keçirilib.

 

Görüşdə universitetin rektoru,  professor İbrahim Cəfərov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açıb, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edib.

 

Müharibə iştirakçıları- Daxili Nəzarət şöbəsinin müdiri Namiq Cəfərov,  Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov, İnformasiya texnologiyaları kafedrasının dosenti Zaman Zeynalov, Kənd təsərrüfatı texnikası kafedrasının baş müəllimi Qurban Qurbanov, Aqrar sahənin iqtisadiyyatı kafedrasının baş müəllimi Fariz Süleymanov və 2 nömrəli Tələbə Evinin nəzarətçisi Asif Hacızadə onlara göstərilən diqqət və qayğı üçün ölkə Prezidentinə, universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, Ali Baş Komandanın tapşırıq və çağırışlarını hər an yerinə yetirəcəklərinə hazır olduqlarını bildiriblər.
 

Qeyd edək ki, universitet Elmi Şurasının 2021-ci il 5 yanvar tarixli qərarına əsasən, döyüşlərdə iştirak etmiş 6 əməkdaşın vəzifə maaşına 200 manat məbləğ əlavə olunub, 2 nəfər - Qurban Qurbanov və Fariz Süleymanov assistentlikdən baş müəllim vəzifəsinə keçirilib. Bununla yanaşı, universitetin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 6 nəfərə, ümumilikdə 2700 manat məbləğində maddi yardım edilib.
 

Bundan əlavə, universitet  rəhbərliyi Vətən müharibəsində şəhid olmuş Canlar Cavadovun 5 azyaşlı uşağını 2020-ci ilin oktyabr ayından himayəyə götürüb, ailəyə 3 il müddətində hər ay 300 manat məbləğində maddi yardım göstərilir.

 



09.06.2021 | 14:19