Azərbaycan alimləri yeni uğura imza atıblar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin (ŞREM) əməkdaşları yeni elmi uğura imza atıb, vəhşi ipəkqurdunun ipəkçilik üçün yetişdirilməsi üsulunu ixtira ediblər.

 

Belə ki, mərkəzin Tut ipək qurdunun seleksiyası şöbəsinin elmi işçisi, AMEA-nın Zoologiya İnstitutunun dissertantı Zərintac Şükürovanın yerinə yetirdiyi dissertasiya işi üzrə əldə etdiyi ilkin nəticə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən “Vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu” ixtirası kimi qiymətləndirilib və buna dair məlumatların Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc olunması haqqında ekspertiza rəyi verilib.

 

İxtiranın müəllifləri Z.Şükürova, ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Y.Şükürlü, ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru F.Əzizov və Tut ipək qurdunun seleksiya şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Q.Bəkirovdur.

 

İxtiranın yeniliyi ondan ibarətdir ki, Saturniidae ailəsinə aid olan “Saturnia pyri” vəhşi ipəkqurdunun məhz ipəkçilik üçün yetişdirilməsi ilə ondan yüksək davamlılıq qabiliyyətinə malik spesifik ipək alınıb.

 

İlkin nəticələr göstərir ki, ənənəvi tut ipəkqurdunun (Bombyx mori) ipəyi ilə müqayisədə, heteretrof canlı olan “Saturniya pyri”nin ipəyinin lifləri daha davamlı, iki dəfə daha möhkəmdir, o cümlədən digər toxuculuq lifləri ilə yaxşı uzlaşır.

 

Hazırda mərkəzin alimləri tərəfindən bu istiqamətdə tədqiqatların genişləndirilməsi, daha uğurlu nəticələrin əldə olunması planlaşdırılır.

 

 



09.06.2021 | 15:24