“Övladlarımız dəyişmiş dünya şəraitində təhsil almalıdırlar”

“Yeni çağırışlar”da növbəti qonaq Melburn Universitetinin təhsildə liderlik üzrə professoru Yonq Jao olub

 

“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı Melburn Universitetinin təhsildə liderlik üzrə professoru, Miçiqan Ştat Universitetinin Təlim və Texnologiya Mərkəzinin qurucu direktoru Yonq Jao  olub.  Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 4 iyun 2021-ci il tarixində yayımlanan bölümündə uğurlu təhsil təcrübələri barədə danışılıb.  Təhsil Nazirliyinin “Facebook” səhifəsindən canlı yayımlanan görüş Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində əks olunub.

 

Seçimimizin verəcəyi imkanlara çox inanıram

 

Gorüşün aparıcısı, “T-Network”un koordinatoru Cəfər Mənsimi professor Yonq  Jaonu salamlayıb və proqramda iştirak etdiyi üçün təşəkkürünü bildirib. Qonağı izləyicilərə yaxından təqdim edən aparıcı qeyd edib ki, dünyada nüfuzlu alimlərdən biri kimi tanınan, Kanzas Universitetinin qabaqcıl professoru Yonq Jao Oreqon Universitetinin Təhsil Kollecində sədr, Qlobal və Onlayn Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb. Daha əvvəl Miçiqan Ştat Universitetinin Təhsil Kollecində professor kimi fəaliyyət göstərib. Burada Öyrənmə və Texnologiya Mərkəzinin qurucu direktoru, Konfutsi İnstitutunun və eyni zamanda ABŞ-Çin Təhsil Mükəmməlliyi üzrə Tədqiqat Mərkəzinin icraçı direktoru olub. Bir sıra qlobal mükafatlar laureatı Yonq Jao Milli Təhsil Akademiyasının görkəmli üzvüdür. Tədqiqatları qloballaşma və texnologiyanın təhsil sahəsindəki təsirlərinə yönələn professor 30-dan çox kitabın müəllifidir.

 

C.Mənsimi böyük mütəfəkkir Konfutsinin “Əgər planınız bir illikdirsə düyü əkin, planınız on illikdirsə ağac əkin, planınız yüz illikdirsə uşaqlara təhsil verin” kəlamını dilə gətirərək birinci sualını qonağa ünvanlayıb. “Çıxışlarınızda qeyd etmisiniz ki, seçim edə bilmək öyrəndiyim ən önəmli dərsdir. Belə bir deyim də var ki, uğur özü seçimdir. Siz təhsildə dəyişiklik etmək yolunu necə seçdiniz?” sualına cavab olaraq Yonq Jao bildirib ki, əslində bütün bəşər övladının seçim hüququ vardır, hər kəs müstəqil seçim etmək, harada yerləşməsindən asılı olmayaraq imkanlardan yararlanmaq, seçimindən faydalanmaq arzusundadır. Yeni imkanlar, motivasiya mənbələri həmin bu seçimin kökündə dayanan məsələlərdir. “Biz tələbələri seçim etməyə dəvət edirik, onları həvəsləndiririk, lakin məktəblərdə bunu görmürük, məktəblərdə bu imkan yoxdur. Tələbələrin, müəllimlərin seçim imkanları olmalıdır, lakin məktəblərdə bu baş vermir. Bütün dahi insanlar, ixtiraçılar, istər Stiv Cobs, İlon Mask, Çarlz Darvin olsun, öz həyatlarında seçim ediblər. Şagirdlərinə seçim imkanı verən  məktəblərdə öyrənmə mühiti, nəticələr yüksək olur. Biz məktəblərdə şagirdlərə ixtiraçı, alim olmaq üçün imkanlar yaratmalıyıq”.

 

Təhsildə dəyişiklik etmək fikrinə gəlməsi, bu yolu  necə seçməsi haqqında danışan professor bildirib ki, artıq 40 ildir ki, bu fəaliyyətlə məşğuldur və başlanğıcda əsas atdığı addımlar mütaliyə, öyrənmə olmuşdur. Uşaq ikən Yonq Jao kənd şəraitində məşğul olduğu və yaxşı bacarmadığı işi kənara qoyaraq fəaliyyətini tamamilə təhsilə yönəldib. Karyerası boyunca bir çox təsadüf və imkanların birləşməsi onu bu seçimi etməyə gətirib çıxarıb. “Mən əslində seçimimizin verəcəyi imkanlara çox inanıram. Auditoriyaya üzümü tutub sahib olduğu imkanlardan, fürsətlərdən yararlanmağa dəvət edirəm”.

 

Alim bir zamanlar söylədiyi “Oxuduqca daha çox anladım, anladıqca suallarım daha çox artdı” deyiminə belə izah gətirib ki, insanın biliyi təkcə oxuyub öyrəndiyini yadda saxlamaqla bitmir: “Siz əldə etdiyiniz biliyi tətbiq edirsiniz, problemləri həll edirsiniz və həll etdikcə gündəmə daha çox suallar gəlir, daha çox sualların fonunda daha çox araşdırmalı olursunuz. Bu proses biri birilə zəncirvari əlaqəlidir”.

 

Fokuslaşdığı əsas istiqamətlərdən bəhs edən Yonq Jao birinci məqsəd olaraq gətirdiyi sahənin təhsilin tələbələr üçün fərdiləşdirilməsi olduğunu diqqətə çatdırıb. Burada hər bir tələbə öyrənmə prosesinin sahibi olmalıdır. Məktəblər bütün şagirdlər üçün eyniləşdirilmiş bir kurikulum, təhsil proqramı ilə çıxış etməlidirlər. Burada öyrənmə proqramı tələbələr tərəfindən tənzimlənməli və həyata keçirilməlidir. Tələbələr öyrənmə ilə bağlı ehtiyaclarını bilməlidirlər və bu ehtiyaclardan irəli gələn təhsil prosesini davam etdirməlidirlər.

 

Çərçivədən kənar düşün

 

Aparıcının “Qeyd etdiyiniz kimi uşaqlığınız kənddə keçib və həyatınızda bir çox məhdudiyyətləriniz olub. İnsanların aclıqdan öldüyü kənddə atanız sizə çərçivədən kənar düşünməyi öyrədib. Siz “Sərhədsiz tələbələr. Bütün tələbələr üçün yeni öyrənmə” (Learners Without Borders. New Learning Pathways for All Students) adlı kitabın müəllifisiniz. Sizcə, çərçivədən kənar düşünmək baxışı təhsildə öz əksini necə tapır? Təhsil müəssisələri hansı çərçivədən kənara çıxmalıdır və niyə?” suallarını cavablandıran təhsil tədqiqatçısı söyləyib ki, həqiqətən o 60-cı illərdə Çində müxtəlif inqilabların baş verdiyi mühitdə böyüyüb və o zaman insanlar aclıqdan ölürdülər. Lakin o düşüncəsini dəyişməyə müvəffəq olub: “Bəzi mühit var ki, siz onu dəyişə, oradan uzaqlaşa bilməzsiniz, lakin zehni olaraq fərqli düşünə bilərsiniz. Mən həmin mühitdə fərqli düşünməyi bacardım. Müəyyən arzularım, təxəyyülüm var idi və bütün bunlar mənə hazırkı imkanlarımı qazandırdı”.

 

Son zamanlar texnologiyaların inkişafından danışan alim qeyd edib ki, tələbələr bu vasitələrdən, imkanlardan, dünyanın müxtəlif yerlərində çalışan ekspertlərdən, təhsil məsləhətçilərindən, onların fikirlərindən birbaşa olaraq faydalana bilərlər. Tələbələrin kommunikasiyası ilə bağlı yeni layihə hazırladıqlarını deyən Y. Jao azərbaycanlı tələbələrin də gələcəkdə bu layihəyə qoşula biləcəyini diqqətə çatdırıb. Yonq Jao izləyicilərə bildirib ki, yayda iki həftəlik onlayn formada yay düşərgəsi fəaliyyətə başlayacaq. Adı qısa olaraq HIP-dir (Human Interaction Program) - insanların bir-birindən asılılığı, bir-birilə qarşılıqlı əlaqə proqramı. İki həftəlik layihənin məqsədi insanların bir-birilə qarşılıqlı əlaqədə olmasının öyrənilməsi, araşdırılmasıdır. Maraqlananlar Yonq Jao ilə əlaqə saxlaya və düşərgənin iştirakçısına çevrilə bilər.

 

Təhsildə dəyişiklik üçün 3 yeni paradiqma

 

“Siz çox ölkələri gəzərkən müşahidə etdiyiniz məqam olaraq XXI əsrin fərqli təhsilə ehtiyacı olduğunu bildirirsiniz. Qeyd edirsiniz ki, bu həm də sizin həmkarlarınızla ortaq qənaətinizdir. Vurğulayırsınız ki, məktəblərin əksəriyyəti hələ də sənaye çağındadır. XXI əsrin təhsili necə olmalıdır, belə bir təhsil prosesinin inkişafı üçün hansı addımlar atılmalıdır?” sualını cavablandıran Yonq Jao bununla bağlı bir çox əsərlər, məqalələr yazdığını diqqətə çatdırıb. Qeyd edib ki, XXI əsrdə təhsil 3 hissədən ibarət olmalıdır: 1.Təhsil tələbəyönümlü olmalıdır, tələbələr tərəfindən irəliyə aparılmalıdır, yəni fərdiləşdirilmə olmalıdır. Dövlətlər, qurumlar tələbələrə elə bir şərait yaratmalıdırlar ki, onlar bu prosesə rəhbərlik edə bilsinlər. Yəni, hansısa kurikulum tələbələrin üzərində bir yük olmamalıdır, dar bir kurikulum çərçivəsində qalmamalıdırlar. Onlara bu mənada sərbəstlik verilməlidir ki, aparıcı qüvvəyə çevrilsinlər. 2.Təhsil məhsulyönümlü olmalıdır, yəni nəticə etibarı ilə təhsil prosesində hansı məhsul hasil ediləcəksə, həmin yönümlü olmalıdır. Burada tələbələrin problemi həll etmək bacarığı ön plana çəkilməlidir, müxtəlif çətinlikləri, çağırışları həll etmək və öyrənmə zamanı həmin bacarıqları məhz problemin həllinə doğru istifadə etmək lazımdır. 3. Təhsildə qloballaşma olmalıdır, hansısa bir mühit, sinif otağı, bir məktəbdə tələbənin öyrənmə imkanları məhdudlaşdırılmamalıdır. Tələbə Azərbaycanda təhsil alaraq eyni zamanda Çinlə, ABŞ-la, dünyanın müxtəlif yerləri ilə ünsiyyət qurmaq, öyrənmək imkanına sahib olmalıdır.

 

Kurikulum tələbləri deyəndə sistem tələbələrə imkan verməlidir ki, onlar asudə vaxtlarında da nə isə öyrənə bilsinlər. Müəllimlər düşünməməlidir ki, yalnız onlar tələbələrə nəyisə öyrədə bilərlər, XXI əsrin müəllimləri sırf müəllim qismində deyil, daha çox hami, elmi rəhbər, məsləhətçi rolunda çıxış etməlidirlər.

 

C.Mənsimi Yonq Jao tərəfindən təhsildə dəyişiklik üçün yeni paradiqma olaraq irəli sürülən üç maddənin maraqlı olduğunu diqqətə çatdırıb. “Sizin müşahidələrinizdən biri də təhsil siyasətində elmiləşdirməyə yönələn qlobal bir fəaliyyətin olduğu ilə bağlıdır. Bir- birinə bənzəyən standartlar, testlər və proqramların, fərdiləşmənin azaldığını, yaradıcılığı boğduğunu önə çəkirsiniz. Bu prosesdə fərdiliyi qorumaq üçün sizcə, hansı redaktələrə ehtiyac var?” Layiqli vətəndaşların yetişdirilməsi, təhsilin ali məqsədlərə yönəlməsi çox vacibdir. Lakin bunlar haradasa təhsilin 30%-ni təşkil etməlidir. Digər tərəfdən fərdi qaydada istedadların aşkar olunması üçün yanaşma çox vacibdir. Çünki bir tərəfdə süni intellekt, digər tərəfdə texnologiyalar var. “Süni intellekt və texnologiyaların içərisində fərdi insan istedadlarının itməməsi üçün bunlar dəstəklənməlidir, eyniləşmə olmamalıdır, insanlar bilikləri, bacarıqları, istedadları ilə fərqlənməlidirlər. İstənilən ölkədə belədir. Deyək ki, Azərbaycanda neft və qaz sənayesi inkişaf edir, lakin bu, o demək deyil ki, hamı neft və qaz sənayesində çalışmalıdır, bu sahə üzrə mütəxəssis kimi formalaşmalıdır. Digər fərdi bilik və bacarıqlar inkişaf etdirilməli və təşəkkül tapmalıdır. Təhsilin 70%-i tələbələrin istedadları, bacarıqları üzərində qurulmalıdır, onların unikal istedad və bacarıqları inkişaf etdirilməlidir”.

 

Müstəqil öyrənmə bacarıqları

 

Aparıcının “30-35 nəfər şagirdin olduğu sinifdə fərdiləşmiş təhsilin olduğu nə qədər realdır?” sualının cavabının çox asan olduğunu, Çində 60 şagirdin olduğu sinifdə belə bir təcrübənin həyata keçirildiyini deyən Yonq Jao burada əsas məqsədin tələbələrə prosesə rəhbərlik etmək imkanlarının verilməsi, müəllimlərin deyil, şagirdlərin təhsil prosesində əsas rol oynaması olduğunu vurğulayıb.Tədris zamanı kiçik və böyük qruplarda tələbələr aktiv iştirak etməli, onların coşqulu, kreativ, güclü tərəfləri müəllimlər tərəfindən nəzərə alınmalıdır, prosesə daha rahat nəzarət etmək üçün idarəetməni tək müəllim qismində deyil, həmçinin də tənzimləyici, idarəedici, məşvərət imkanları qazandıran bir müəllim rolunda çıxış etməlidir. Yəni tələbələri bir-bir idarə etməkdənsə onların güclü cəhətlərini, coşqusunu nəzərə alaraq qrup şəklində rəhbərlik etmək də mümkündür. Belə bir tədris zamanı tələbə və şagirdlər özləri prosesə sahib çıxır və onlarda müstəqil öyrənmə bacarıqları formalaşır.

 

Tələbələr təhsil prosesinə rəhbərlik etməlidirlər

 

Çin təhsil sistemindən də bəhs edən professor hazırda orada təhsil işçiləri və tələbələr arasında çox sərt mübarizə getdiyini, bir çox həll olunmamış məsələlərin olduğunu diqqətə çatdırıb.

 

“Yeni çağırışçı” C.Mənsiminin “Belə bir fikir var ki, Çində təhsil almağın məqsədi imtahanda uğurlu nəticələr göstərməkdən ibarətdir. Çində şagirdlər dərsdən gec gəlsələr belə gecə saat 1-2-yə qədər ev tapşırıqlarının həll edilməsinə fokuslaşırlar. Zaman-zaman bizdə də ev tapşırıqlarının çox olması ilə bağlı narahatlıqlar səsləndirilir. Sizcə, təhsilalanları hansı məqsədlərə hazırlamalıyıq? Ümumiyyətlə, ev tapşırıqları necə tənzimlənməlidir?”suallarına cavabında professor Y.Jao bildirib ki, ev tapşırıqları ümumiyyətlə, faydasızdır, xüsusilə ev tapşırıqları məcbur edilirsə. Hazırda ev tapşırıqlarının bir çox yerlərdə təhsilin çox faizini təşkil etdiyini deyən professor bu vaxtı daha səmərəli şeylərin öyrənilməsi üçün istifadə etməyin xeyirindən danışıb: “Biz öyrənmənin həm məkan, həm də məqam baxımından faydasını həyata keçirməliyik. Xüsusilə COVID-19 pandemiyasından sonra təhsili yenidən dərk etməliyik, tələbələrlə onlayn əməkdaşlıq, işbirliyi qurmalıyıq. Elə imkan yaratmalıyıq ki, tələbələr məcbur edilməsin, əksinə, həvəsləndirilsin, şövq edilsin. Tələbələr təhsil prosesinə rəhbərlik etməli, sahib çıxmalıdırlar, müəyyən tapşırıqların edilməsində onların özlərinin marağı olmalıdır. Onlayn formada tələbələrlə müştərək iş, araşdırma, ünsiyyət, tədqiqatlar kimi maraqlar təmin olunmalıdır. Biz tələbələrə nəyisə diqtə etmək əvəzinə onlara təcrübə qazanmağı öyrətməliyik. Onlar da təcrübə əsasında biliyə yiyələnməlidirlər. Əhəmiyyətlisi odur ki, öyrənənlər məlumatları əldə edib, araşdırıb konkret əməllərə çevirə bilsin, aktual problemlərin həllinə can atsın, kəşflər etsin. Bu, əsas dəyərlərdən biridir”.

 

Aparıcının professora ünvanlanmış “Konfutsi, Zükerberq kimi yaradıcı və təşəbbüskar şəxsləri yetişdirmək üçün məktəbləri necə dizayn etməliyik? “Yaradıcı və təşəbbüskar” (World Class Learners. Educating Creative and Enterpreneurial Students) kitabının müəllifi olaraq bu barədə nə deyə bilərsiniz? “Dəyəri yaradan məhsulyönümlü tədris” paradiqmasına aydınlıq gətirərdiniz” suallarına cavab olaraq  Yonq Jao öncə dediyi üç əsas istiqaməti (fərdiləşmə, məhsulyönümlü təhsil, qlobal ünsiyyət imkanları olan təhsil) sadalayıb və qeyd edib: “Belə bir yanaşma mövcuddur ki, övladlarımız təhsil alır, gələcək həyata qədəm qoyur və onlar nə qədər yaxşı oxusalar gələcək həyatlarını o qədər yüksək təmin edəcəklər. Lakin bu, belə deyil, uşaqlar təhsil alarkən həyatlarına davam edirlər, təhsil həyatdan təcrid olunmuş şəkildə sırf gələcəyə hazırlıq üçün ayrıca bir proses olmamalıdır. Gənclər öz həyatlarını yaşayaraq aktiv və produktiv, məhsuldar bilik əldə etməli, problemləri həll etməyi bacarmalıdırlar. Maşınlar və mexanizmlər problemləri həll etmək üçün hazırlanırlar, lakin maşınlar problemləri görmək, hiss etmək bacarığına malik deyillər. Odur ki, biz tələbələri məhz bu istiqamətdə - problemləri görmək, sezmək, müəyyən və həll etmək fonunda inkişaf etdirməliyik”.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını cavablandıran alim qeyd edib: “Biz böyüklər olaraq anlamalı, dərk etməliyik ki, dünya dəyişib və bizim övladlarımız dəyişmiş dünya şəraitində təhsil almalıdırlar. Təbii ki, bu fərqli mühiti nəzərə alaraq təhsildə nəyi dəyişməliyik haqqında düşünməli, başlıcası isə tələbələrə müstəqil şəkildə öyrənmələri üçün, təhsil proqramının sahibi olmaları üçün şərait yaratmalıyıq”. Qonaq yaradılan fürsətə, Azərbaycan auditoriyası qarşısında çıxış etdiyinə görə proqramın aparıcısına və təşkilatçılarına təşəkkür edərək, bu proqramın təqdirə layiq olduğunu diqqətə çatdıraraq izləyicilərlə sağollaşıb.

 

Görüşün sonunda “Yeni çağırışlar” proqramının koordinatoru Cəfər Mənsimi çox maraqlı müsahibə üçün qonağa sonsuz təşəkkürünü bildirib və Yonq Jaonun atasının öyrətdiyi “Çərçivədən kənar düşün” çağırışı ilə proqramın növbəti buraxılışını başa vurub.

 

Lamiyə ƏLİMƏRDANOVA



11.06.2021 | 13:37