ADPU-da yeni ixtisaslar açılıb və qəbul planı artırılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti onlayn  iclasında tədris və imtahan sessiyası ilə bağlı məsələlər müzakirə olunub.  

 

ADPU-da yay imtahan sessiyasının koronavirus pandemiyası ilə bağlı bu semestrdən tətbiq olunan onlayn-şifahi formatda keçirilməsinin ilkin statistik vəziyyəti haqqında məlumat verən tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov qeyd edib ki, imtahan sessiyasının ilk həftəsində Bakıda 244 qrup üzrə 5390 tələbədən 5268-i (97.7 %) imtahanda iştirak edib. 106 tələbə imtahana qoşula bilməyib və ya qoşulub tam prosesi tamamlaya bilməyib. 70 tələbə qeyri-müvəffəq qiymət alıb, onlardan 10 nəfəri apelyasiya verib. 

 

İmtahanlar bu ayın sonunadək davam edəcək və proses “İmtahan Qərargahı”, “Apelyasiya Komissiyası” tərəfindən nəzarətdə saxlanacaq. 

 

İmtahanlara qoşula bilməyən tələbələrə və bundan sonra belə hallar yaşayanlara ərizə əsasında müraciət edib sessiyanın sonunadək üzürlü səbəb əsasında ödəniş etmədən imtahan vermək şansı yaradılacaq. Cüt semestrlərdə fənnlərdən qeyri-müvəffəq qiymət alanlar və bu semestr imtahanlarda anoloji qiymət alanların ərizə ilə müraciət edib  kredit dəyərinin 25 %-ni ödəməklə 2 fənndən imtahan verməsinə şərait olacaq.  

 

Tələbələrin qayıb limiti məsələsinə toxunan dosent E.Aslanov bildirib ki, semestr boyu ADPU rəhbərliyinin ciddi dəstəyi və nəzarətinin nəticəsində əksər tələbələrin dərslərə müntəzəm qoşulması təmin olunub və tətbiq edilən 50 faizlik qayıb limiti həddinin qorunması nəticəsində Bakıdakı 10096 bakalavriat tələbədən cəmi 141 nəfəri (1.3. faizi) dərslərə tam qoşula bilməyib. Ümumilikdə 471 fənn üzrə tələbələrin qismən qayıb limitini aşması halları müşahidə olunub ki, mövcud çətinlikləri nəzərə alaraq bu tələbələrə müstəsna şəkildə semestr imtahanlarında iştirak etməyə icazə verilməsinə dair qərar çıxarılıb.

 

Bildirilib ki, Nazırlər Kabinetinin ali təhsil müəssisələrinin təkliflərini nəzərə alaraq iyun ayının 5-də verdiyi qərara müvafiq olaraq bakalavrların yekun dövlət attestasiyası ÜOMG əsasında həyata keçiriləcək. Bununla belə, tələbələrin ərizə ilə müraciəti əsasında dövlət imtahanı vermək hüququ da saxlanılır.

 

ADPU üzrə buraxılış işini yerinə yetirmiş 194 nəfər sonuncu kurs tələbəsinin onlayn müdafiələrinin 21-30 iyun tarixlərində keçirilməsi nəzərdə tutulur. Həmçinin qərara müvafiq olaraq tələbələrin buraxılış işi müdafiəsindən imtina etmək hüququ var. Digər tərəfdən Müsiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi kimi xüsusi qabiliyyət tələb edən ixtisaslardan tələbələrin bir hissəsi diplom işinin müdafiəsi, digərləri isə ÜOMG ilə deyil, yekun dövlət attestasiyasında iştirak edib müəyyən edilmiş ixtisas fənnlərindən onlayn şifahı imtahan verməklə məzun olacaqlar.

 

Qeyd olunub ki, bu il ilk dəfə ADPU-nun Şamaxı filialında Fizika müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət, Ağcabədi filialında Fizika müəllimliyi, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi və Xarici dil müəllimliyi (İngilis dili)), Quba filialında Coğrafiya müəllimliyi, Tarix müəllimliyi və Riyaziyyat müəllimliyi ixtisasları açılıb və paralel olaraq qəbul planının sayı artırılıb. Əlamətdar hadisədir ki, bu il həm də ADPU-ya ilk dəfə bakalavriatura təhsili səviyyəsi üzrə İbtidai sinif müəllimliyi və Riyaziyyat müəllimliyi ixtisasları üzrə hər biri 15 nəfər olmaqla ingilis bölməsi üzrə qəbul nəzərdə tutulub.

 

Magistratura səviyyəsində qəbul planı 361-dən 372-yə qədər artırılıb, planda bir çox yeniliklər edilib. Bu il də ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ADPU-nun birgə beynəlxalq proqramı üzrə  Menecment (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə 25 yer (İngilis bölməsi), o cümlədən ilk dəfə olaraq  Pedaqogika ixtisasının Təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə SABAH magistartura proqramı olmaqla, 50 nəfər dövlət sifarişi yeri, Biznesin təşkili və idarəolunması (təhsil sahəsi üzrə) ixtisası üzrə 50 yer təsdiq edilib.

 

Bakalavriatura və magistratura təhsil səviyyəsi üzrə bütün ixtisaslarda  təhsil haqqı 2000 manat, Biznesin təşkili və idarəolunması (təhsil sahəsi üzrə) magistr ixtisası üzrə 2500 manat təsdiq olunub.

 

Artıq bakalavriatura təhsil səviyyəsi üzrə 2020-ci ildə təsdiq edilmiş təhsil proqramlarına uyğun olaraq ADPU-nun tədris planları hazırlanıb və təsdiq olunub. Bu ildən bütün ixtisaslara inkulizv təhsil, dəqiq və təbiət elmlərindən olan ixtisaslarda isə STEM fənni daxil edilib.

 

Cari məsələlər üzrə çıxış edən elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov isə 8 nəfər iddiaçıya dosent elmi adının verilməsi üzrə gizli səsvermənin keçiriləcəyini diqqətə çatdırıb.

 

Sonda səsvermənin nəticələri Elmi Şura tərəfindən təsdiq edilib.

 



11.06.2021 | 16:02