Erməni vəhşiliyinin izi ilə

Məlum olduğu kimi, iyunun əvvəllərində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin bir qrupunun işğaldan azad edilmiş Cəbrayıl və Füzuli rayonlarına səfəri təşkil olunub. Səfərdə 31 ölkədən olan 40 tələbə 16 təhsil müəssisəsini təmsil edib. Tələbələr işğaldan azad edilmiş ərazilərdə ermənilərin yaşayış məntəqələri və tarixi abidələri viran qoymasının, dağıtmasının canlı şahidi olublar. Əcnəbi tələbələr erməni vəhşiliyinin ölçüyəgəlməz nəticələri ilə yerindəcə tanış olaraq öz fikir və təəssüratlarını bölüşüblər.

 

“Ermənistanın insanlıq adına bir ləkə olduğuna mən bir daha əmin oldum”

 

Muqader  Vazeri,  UNEC-in   tələbəsi  (Əfqanıstan):  -  Təhsil Nazirliyi bizi iyunun 2-də işğaldan azad olunmuş torpaqlara apardı.  Səfərdən öncə çox həyəcanlı idim. Orta məktəbdə və universitetdə oxuyarkən Qarabağ müharibəsi və tarixi haqqında biliklərim var idi. Universitetdə dostlarımdan da məlumatlar almışdım. Buranın çox gözəl, mənzərəli torpaqlar olduğunu bilirdim. Amma oraya gedəndə şok keçirdim. Dağıdılmış,  yandırılmış kəndləri, kəsilmiş meşələri gördüm. Bütün torpaqlara minalar yerləşdirildiyini, çox sayda mülki əhalinin və mətbuat işçilərinin minalara düşdüyünü və həlak olduğunu bilirəm. Bu səfərdə  erməni vəhşiliyi və vandalizmini müşahidə etdim.  Ermənistanın  insanlıq adına bir ləkə olduğuna mən bir daha əmin oldum. Ermənilər bu torpaqlarda tarixi abidələri dağıdıblar. Mən səfərdə həm sevinc, həm də dərin kədər hissləri keçirdim. Sevindim ki, bu torpaqlar azad olunub.  Kədərləndim ki, bu cür gözəl torpaqları niyə bu cür vəhşiliklə məhv ediblər.  Evləri, məktəbləri belə yandıran ermənilərin hərəkətlərinin məntiqini anlaya bilmədim. Amma ümid edirəm və inanıram ki, bu torpaqlar yenə də gözəl olacaq. Biz yenə də öz ailəmiz və dostlarımızla birlikdə gəlib bu torpaqları ziyarət edəcəyik. İnanıram ki, gələcəkdə bu yerlərə gələndə yenidən qurulmuş və yenilənmiş Qarabağı görəcəyəm.

 

 

 

“Erməni vəhşiliyini görəndə çox kədərləndim və ağladım”

 

Abrehet Mehari Gebreselassie, UNEC-in doktorantı (Efiopiya): - Mən ilk növbədə Təhsil Nazirliyinə və UNEC-ə  mənə belə bir  tarixi yerə baş çəkmək imkanı verdiklərinə görə təşəkkür edirəm. Digər əcnəbi tələbələr kimi, Azərbaycan Ordusunun qətiyyətli səyləri ilə erməni işğalından azad olunmuş tarixi Qarabağı görmək mənim üçün çox maraqlı idi. Hadruta gəldik və yolboyu avtobusun pəncərəsindən gözlərimi dağıdılmış ərazilərdən çəkə bilmirdim. Heç kim bu dağıntıların, vəhşiliklərin insanlar tərəfindən edildiyinə inanmırdı. Torpaqda heç nə qalmamışdı, bütün evlər yandırılmış, külə və səhraya çevrilmişdi. O dövrdə iki hiss keçirdim. Erməni vəhşiliyini görəndə çox kədərləndim və ağladım. Gördüklərim ürəkağrıdıcı idi.  Mən öz şüurumda günahsız insanların şəklini canlandırdım (evdə olan qadın və kişiləri, məktəbdəki şagirdi, çöldəki, yaxud həyətdəki heyvanları). Mən özümdən soruşdum, öz yurdundan qaçmağa məcbur olan bu insanlar  evlərini tərk edərkən nə dedilər, nə etdilər, necə qaçdılar, nə götürdülər, necə və hara getdilər, ailə ilə, yaxud təklikdə? Bütün bu suallar ağlıma gəlir. Yenə də özümə soruşdum, niyə?  İnsan bu cür pisliyi necə edə bilər? Başqa bir hissi isə, mən Xudafərin körpüsünü gördükdə yaşadım. Öz ölkəsinin ərazi bütövlüyünün bərpası yolunda bu tarixi qələbədə canlarından keçən bütün şəhidlərin xatirəsinə dərin ehtiramımı bildirirəm.

 

Qarabağ təbiətin bəxş etdiyi çözəl diyardır. Əminəm ki, Qarabağda aparılacaq yenidənqurma -bərpa işləri üçün əvvəlkindən də yaxşı imkanlar var.  Aparılacaq işlər əhalinin yerləşdirilməsi, gələcək nəsil üçün parlaq və əlverişli şərait yarada bilər.

 

“Dağıdılmış və məhv edilmiş əraziləri gördükdə çox kövrəldim”

 

 

Valeria Vasileva, ADA Universitetinin tələbəsi (Bolqarıstan): - Bu səfər əslində xəyalımın gerçəkləşməsi oldu. İlk ziyarət edən azsaylı insanlardan olmaq fürsəti qazandığım üçün çox şadam. Buraya gəlməzdən əvvəl Qarabağın gözəlliyi haqda çox məlumatlar eşidirdim. Buranı öz gözlərimlə görmək heyrətamizdir. Anaq Bolqarıstanda olduğum üçün əvvəlcə müharibə şəraitini görməmişdim. Burada isə dağıdılmış və məhv edilmiş əraziləri gördükdə çox kövrəldim, çünki müharibə vaxtı Azərbaycanda olmuşdum və baş verənlərin birbaşa şahidi olmuşdum.

 

 

 

“Azərbaycanı təbrik etmək istəyirəm”

 

 

 

 

Espinoza Lamar Andres Fernando, ADNSU tələbəsi (Ekvador): - Xudafərin körpüsü  kimi möhtəşəm gözəl bir yeri işğaldan azad etdiyi üçün Azərbaycanı təbrik etmək istəyirəm. Əvvəllər bu körpünün əhəmiyyətini bilmirdim. Burada onun tarixini, önəmini öyrəndim. Buranı gördüyüm üçün çox şadam. Əlbəttə, bir gün yenidən bura qayıtmaq istərdim.

 

 

 

“Azərbaycanın yanında olduğumuz üçün qürur duyuram”

 

 

 

Manaal Xalid, ADA Universitetinin tələbəsi (Maldivi adaları): - Qarabağa gələn ilk insanlardan olmaq mənim üçün həyəcanlıdır.  44 günlük müharibə zamanı Azərbaycanda oldum və bu tarixi ana şahidlik çox qürurverici idi. Bu gün gözəl yerlərlə yanaşı dağıdılmış kəndləri, müharibənin qalıqlarını gördük. Maldiv adaları kimi bir ölkədən gəldiyim üçün müharibədən çox uzaqda yaşamışam. Və orada bu cür şeylər görməmişəm. Amma Azərbaycana, xüsusən Qarabağa gəlib müharibənin nə olduğunu başa düşdüm. Müharibə vaxtı Azərbaycanın yanında olduğumuz  üçün qürur duyuram.

 

 

 

 

Oruc MUSTAFAYEV



18.06.2021 | 10:05