Bakı Ali Neft Məktəbində MBA üzrə yeni ixtisaslar

2021/2022-ci tədris ili üçün Bakı Ali Neft Məktəbində (BANM) magistratura pilləsi üzrə Maliyyə, Menecment və  Layihələrin idarəedilməsi üzrə Biznesin təşkili və idarəedilməsi ixtisaslarına da qəbul həyata keçiriləcək. 

 

Təhsil müəssisəsindən bildirilib ki, hər bir ixtisas üzrə 25 nəfər qəbul planlaşdırılıb.

 

Beləliklə, 2021/2022-ci tədris ilindən etibarən BANM-də 4 sahə üzrə MBA proqramında tədris həyata keçiriləcək.

 

  •  Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı)
  •  Biznesin təşkili və idarə edilməsi (maliyyə)
  •  Biznesin təşkili və idarə edilməsi (menecment)
  •  Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə olunması)

 

Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5 000 (beş min) manat məbləğindədir.

 

Qeyd edək ki, BANM-də innovativ, yenilikləri dəstəkləyən və olduqca çevik MBA proqramı üzrə tədris həyata keçirilir. Ali Məktəb tərəfindən hazırlanan proqram biznes mühitində tələb olunan müasir çağırışlar və trendlərə tam cavab verir.

 

Bu proqramda tələbələr menecmentin və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə edirlər.

 

MBA proqramını tədris edən müəllimlər SOCAR və digər bu kimi iri transmilli şirkətlərdə çalışan rəhbər vəzifəli şəxslərdir.

 

Eyni zamanda, proqramı seçənlər ingilis dilində tədris olunan qlobal “Master of Business Adminstration” dərəcəsinə tam yiyələnirlər. Tədris proqramına Strateji İdarəetmə, Marketinq, Statistika, İnvestisiya və digər fənlər daxildir.

 

BANM-in MBA proqramına müraciət edənlərin əksəriyyətinin müxtəlif sahələrdə çalışdıqlarını nəzərə alaraq, dərslər həftəiçi 3 gün olmaqla, axşam saatlarında təşkil edilir.

 

Kurikulum və dərs vəsaitləri dünyaca tanınmış akademik heyət tərəfindən yalnız BANM üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin edilirlər.

 

BANM-in MBA proqramı həm də genişləndirilmiş iş imkanları vəd edir.

 

BANM-in MBA proqramına qəbul Azərbaycan ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları əsasında aparılır.

 

MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir.

 



18.06.2021 | 15:46