AzTU ilə Yıldız Texniki Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Texniki Universitetində (AzTU) Türkiyənin Yıldız Texniki Universitetinin (YTU) nümayəndə heyəti ilə görüş keçirilib.

 

Rektor Vilayət Vəliyev bildirib ki, AzTU ilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri, o cümlədən YTU arasında əməkdaşlıq əlaqələri yüksələn xəttlə inkişaf edir.

 

Əməkdaşlıq çərçivəsində bu yaxınlarda AzTU-nun energetika və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyev, Avtomatika və idarəetmə kafedrasının müdiri Vahid Fərhadov və kafedranın baş müəllimi Asif Qasımovun YTU-da səfərdə olduğu, faydalı təcrübə mübadiləsinin aparıldığı xatırladılıb.

 

YTU-nun rektoru Tamer Yılmaz AzTU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirib ki, regionun ən böyük texniki universiteti olan AzTU ilə YTU arasında qarşıda daha faydalı layihələr həyata keçiriləcək.

 

Sonra AzTU və YTU arasında beynəlxalq təhsil əməkdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb.

 

Sənədə əsasən, hər iki universitet təhsil, tədqiqat və tələbə-müəllim mübadiləsi sahəsində əməkdaşlıq edəcək. 

 

 



18.06.2021 | 18:00