Şəhid məzunun diplomu ad günündə məzarı önündə ailəsinə təqdim olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ali məktəbin şəhidlik zirvəsinə ucalmış tələbəsi Əsəd Əsədlinin doğum günü münasibətilə II Fəxri Xiyabanda onun məzarını ziyarət edib.

 

Rektor torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsinin xalqımızın, UNEC ailəsinin qəlbində daima yaşayacağını bildirərək, onlarla fəxr etdiyini və valideynləri qarşısında baş əydiyini deyib. UNEC-in şəhid olan tələbə və məzunlarının adlarının əbədiləşdirilməsi məqsədilə universitetdə memorial kompleksin yaradıldığını, təhsil aldıqları auditoriyalara onların adlarının veriləcəyini, şəhidlərimiz haqqında kitabların dərc olunacağını vurğulayıb. Rektor şəhid ailələrinin hər bir üzvünün UNEC kollektivi üçün dəyərli olduğunu diqqətə çatdırıb. Bildirib ki, Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qəhrəman oğulları yad etmək, şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək, ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin ən müqəddəs borcudur.

 

Şəhidin babası Əsədin ən böyük arzusunun torpaqlarımızı azad görmək olduğunu deyib. Onun bu amal uğrunda Vətən müharibəsi başladığı elə ilk gündən bir an belə tərəddüd etmədən könüllü olaraq cəbhəyə yollandığını, noyabrın 8-dən 9-na keçən gecə Xocavənd uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıqla vuruşduğunu, 21 döyüş yoldaşını ölümün pəncəsindən xilas edərək  şəhidlik zirvəsinə ucaldığını bildirib.

 

Sonda rektor Əsəd Əsədlinin diplomunu şəhidin məzarı önündə onun ailəsinə təqdim edib. UNEC məzununun rəssam tərəfindən çəkilmiş portreti də xatirə olaraq  ailəsinə verilib.

 

Qeyd edək ki, igid döyüşçü Əsəd Əsədli ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" dövlət medalları ilə təltif edilib.

 

 



19.06.2021 | 12:24