SDU-nun gənc ixtiraçıları Avrasiya Patent Universiadasında II yeri qazanıb

Avrasiya Patent Təşkilatının 25 illiyinə həsr olunan “Gələcəyə baxış” Avrasiya Patent Universiadası uğurla başa çatıb.

 

Bilik yarışmasında Avrasiya Patent Konvensiyasının üzvü olan dövlətlərin təhsil müəssisələrinin tələbələri və 18-25 yaş arasında digər maraqlanan gənclər iştirak ediblər.

 

Yarışmaya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü ilə ölkəmizin nümayəndələri də fəal qoşulublar. Universiadanın qalibləri arasında Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri də yer alıb.

 

Universitetin Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri, professor Cavanşir Məmmədovun rəhbərliyi ilə mühəndislik fakültəsinin tələbələrindən ibarət komanda- III kurs tələbəsi Seymur Talıbov və II kurs tələbəsi Qüdrət Ağazadə müsabiqədə uğurla çıxış edərək II yeri qazanıblar.

 

Seymur Talıbov və Qüdrət Ağazadənin “Tibb müəssisələrində COVİD-19-un aşkarlanması və avtomatik aradan qaldırılması üçün mobil robot”, “Virusdan qorunma - düşmən keçməz! Həkimlərin və xəstələrin infeksiyadan fərdi qorunma sistemləri” mövzuları uğur qazanıb. Qalib tələbələr Gənc Tədqiqatçıların Beynəlxalq Assambleyasının finalına dəvət alıblar.

 

Universiadanın qaliblərini mükafatlandırmaq üçün Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi  Avrasiya Patent Təşkilatının vitse-prezidenti Emil Məmmədovla birgə SDU-nun qalib tələbələri ilə görüşüb, onlara dəyərli mükafatlar təqdim edib.

 



21.06.2021 | 10:31