Azərbaycanlı tələbə və məktəblilər Çin mədəniyyəti müsabiqəsində

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi "Duan-u" bayramına həsr olunan  növbəti Çin mədəniyyəti bilik müsabiqəsini keçirib.

 

Konfutsi İnstitutunun Çin müəllimləri tərəfindən təşkil olunan müsabiqədə 100-dən çox azərbaycanlı tələbə və məktəbli iştirak edib, ən yaxşı on iştirakçıya qiymətli hədiyyələr verilib.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, institut Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Azərbaycanın Mədəniyyət və İncəsənət Universiteti ilə birgə bədii və ədəbi gecələr təşkil edilir, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq çərçivəsində Çinin ənənəvi bayramları qeyd olunur.

 

R.Abbasov, həmçinin qeyd edib ki, institutda Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatlar aparılır, eləcə də Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə, Prezident İlham Əliyevin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş tələbə elmi seminarları keçirilir.

 

 



21.06.2021 | 16:10