Respublika turnirinin final mərhələsi davam edir

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan voleybol idman növü üzrə final yarışı keçirilib.

 

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında təşkil olunan yarışda hər zonadan  I və II yer üzrə final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri, Abşeron, Qusar, Ağdam, Göyçay, Ağsu, Xəzər, Xətai, Cəlilabad, Masallı, Kürdəmir, Saatlı rayonlarının komandaları mübarizə aparıb.

 

Yarışda I yerə Cəlilabad rayonu, II yerə Masallı rayonu, III yerə Kürdəmir rayonunun komandaları layiq görülüb.

 

Olimpiya sistemi üzrə 6 zonada keçirilən turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edib.

 

Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında  keçirilən yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edir.  

 

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd  şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

 

Turnir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.

 

 



23.06.2021 | 17:13