Həm əylənir, həm öyrənirlər

Artıq bir neçə gündür ki, ölkəmizin ümumi təhsil müəssisələrində “Yay məktəbləri” təşkil olunub. İyunun 21-də Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhər 9 və 25 nömrəli tam orta məktəblərə “Yay məktəb”i çərçivəsində mediatur təşkil edilib. Mediaturun əsas məqsədi KİV nümayəndələrini bu ildən ümumi təhsil müəssisələrində təşkil edilən “Yay məktəbi” çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.

 

Qeyd edək ki, “Yay məktəbi” I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib və iyunun 30-dək davam edəcək.

 

Mediatur iştirakçıları hər iki “Yay məktəbi”ndə yaradılmış şəraitlə tanış olub, tədris prosesinin gedişatını izləyib, müəllim və şagirdlərlə söhbət aparıblar. “Yay məktəbi” çərçivəsində şagirdlərə keçirilən ustad dərsləri də izlənilib. Ustad dərslərində 31-ci beynəlxalq biologiya olimpiadasının qalibi Mətin Muradlı və “Buglance” şirkətinin təsisçisi və direktoru, startapçı gənc sahibkar Toğrul Səməd iştirak edib.

 

Mediatur çərçivəsində “Yay məktəbi”ndə iştirak edən müəllim və şagirdlərlə söhbət etdik.

 

“Dərslərimizin açıq havada keçməsi çox xoşuma gəlir”

 

Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Şəfəq Cəbrayılzadə bizimlə söhbətdə bildirib ki, “Yay məktəbi”nin təşkil olunacağını eşidəndə çox sevinib. O, “Yay məktəbi”ndə vaxtlarının çox səmərəli keçdiyini qeyd edib: “Hər gün məktəbə həvəslə gəlirəm. Çox maraqlı dərslərimiz keçir. Texnologiya fənnində müəllimimizlə bərabər maraqlı fiqurlar düzəldirik. Dərslərimizin açıq havada keçməsi çox xoşuma gəlir”.

 

“Yay məktəbi”nin təşkil olunması hər birimizin ürəyincə oldu”

 

Orxan Məmmədzadə də Sumqayıt məktəblisidir. O, “Yay məktəbi”ndə biliklərini möhkəmləndirdiyini deyir: “Pandemiya uzun müddətdir ki, bizi məktəbdən, müəllimlərimizdən, sinif yoldaşlarımızdan aralı salıb. “Yay məktəbi”nin təşkil olunması hər birimizin ürəyincə oldu. Mən də, dostlarım da çalışırıq ki, bizim üçün yaradılan bu şəraitdən maksimum istifadə edək”.

 

“Pandemiyaya görə dərslərimizdəki geriliyi müəllimlərimiz aradan qaldırmağa çalışır”

 

Sumqayıt şəhər 9 nömrəli məktəbin şagirdi Nigar Muradzədə ilə söhbətimiz isə məktəbin həyətində, şagirdlər basketbol oynadığı zaman baş tutdu. Elə Nigarın gözündəki sevinc hisslərindən bilmək olurdu ki, “Yay məktəbi” onun ürəyincədir. O, “Yay məktəbi”nin təşkil olunacağını ilk dəfə müəllimindən eşitdiyini deyib: “Dərslərimiz çox maraqlı keçir. Pandemiyaya görə dərslərimizdəki geriliyi müəllimlərimiz aradan qaldırmağa çalışır”.

 

“Yay məktəbi”ndə rəsm çəkirik, dostlarımızla maraqlı oyunlar oynayırıq”

 

Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin şagirdi Fidan Səmədova da “Yay məktəbi”ndən məmnun olduğunu deyir: “Yay məktəbi”ndə təkcə dərslərimizlə məşğul olmuruq. Eyni zamanda “Yay məktəbi”ndə rəsm çəkirik, dostlarımızla maraqlı oyunlar oynayırıq. “Yay məktəbi”ndə zamanımızın necə keçdiyini bilmirik. Çünki vaxtımız çox əyləncəli keçir”.

 

“Fərqli olaraq keçilən dərslər şagirdlərə maraqlı gəlir”

 

Sumqayıt şəhər 9 nömrəli məktəbin müəllimi Nərmin Xıxlar şagirdlərin çox böyük sevinclə dərslərə qoşulduğunu deyir: “Yay məktəbi”nin şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, vaxtlarını səmərəli keçirilməsi baxımından çox faydalı olduğunu düşünürəm.  Pandemiya səbəbindən dərslərimizdə olan boşluqları kompensasiya etməyə çalışırıq. Müxtəlif mühitdə, standartdan fərqli olaraq keçirilən dərslər şagirdlərə maraqlı gəlir”.

 

“Şagirdlərə uğur hekayəmi danışmaq mənim üçün çox xoş oldu”

 

31-ci beynəlxalq biologiya olimpiadasının qalibi Mətin Muradlı şagirdlərlə görüşdən məmnun olduğunu bildirir: “Qonaq qismində məktəblərdə olmaq, şagirdlərə uğur hekayəmi danışmaq mənim üçün çox xoş oldu. Onlara olimpiadalara hazırlıq prosesindən danışdım. Şagirdlər mənə bir çox maraqlı suallar ünvanladı. Onların suallarını səmimi cavablandırmağa çalışdım. Belə görüşlərin keçirilməsinin şagirdlər üçün əlavə motivasiya olduğunu düşünürəm”.

 

Niyazi RƏHİMOV



25.06.2021 | 10:09