Elmi-pedaqoji kadr hazırlığı mühüm trend kimi

Azərbaycan Respublikasının Təhsil İnstitutu 1931-ci ildə yaradılmışdır. İnstitutun 1932-ci ildə Aspirantura şöbəsi kimi yaradılan hazırki  Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi öz fəaliyyətini “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa (2009), “Elm haqqında” Azərbaycan Respublikası Qanununa (2016), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na, İnstitutun Nizamnaməsinə, şöbənin  Əsasnaməsinə, İllik fəaliyyət planına əsasən qurur. Müasir qloballaşma prosesi insanların təfəkkürünün yeni reallıqlara uyğunlaşmasını tələb edir, genişmiqyaslı informasiyanı təhlil edə bilərək operativ qərarlar qəbul edən, dövlətin bir çox vacib sahələrinin gələcəyini müəyyən edə bilən yeni nəsil kadrların hazırlanmasını diktə edir.

 

Müstəqil Azərbaycanda milli təhsil quruculuğundan danışarkən ümummilli lider Heydər Əliyev demişdir ki, “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar”...

 

Yüksək səviyyədə inkişaf etmiş ölkələrin rəqabətlilik indeksi üzrə üstünlüyü başlıca olaraq təhsilin səviyyəsi ilə müəyyənləşən insan potensialının inkişafı ilə birbaşa bağlıdır. Hazırda ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də sürətli dəyişikliklər baş verir. Azərbaycanın vahid Avropa ali təhsil məkanına inteqrasiyası, bir tərəfdən, tədris-təhsil modellərinin müasir tələblərə uyğunlaşdırılması, digər tərəfdən isə, Azərbaycanın formalaşmış ənənəvi təhsil sisteminin etik-mədəni özünəməxsusluğunun saxlanmasını bir zərurət kimi irəli sürür. Bu məqsədlə təhsil sisteminin bütün sahələrində vəziyyətin təhlili, mühüm faktorların nəzərə alınması qloballaşma proseslərinin intensivləşdiyi şəraitdə Azərbaycanın ali təhsil sisteminin modernləşdirilməsinin əsas təməli oldu.

 

Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Prezident bununla bağlı belə deyir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”.

 

Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla apardığı sosial siyasət müəllimlərin sosial vəziyyətinin daim diqqətdə saxlanılaraq daha da yaxşılaşdırılmasına geniş imkanlar açır. Ölkəmizin dinamik və davamlı inkişaf edən iqtisadi potensialı bunu həyata keçirməyə real zəmin yaradır.

 

Azərbaycanda pedaqogika elminin inkişafını şərtləndirən, onun inkişafını təmin edən əsas amillərdən biri də elmi-pedaqoji kadr hazırlığıdır. Elmi-pedaqoji kadr hazırlığının əsas məqsədi təhsil işçilərinə pedaqogika, didaktika, psixologiya, inklüziv təhsil, bütövlükdə təhsilşünaslıq üzrə yenilikləri çatdırmaqla, təhsilin elmi əsaslar üzrə təşkili və idarə olunmasını təmin etmək, ali məktəblərin professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini yüksəltməkdən ibarətdir. Ali təhsil islahatının yaxın və uzaq perspektivdə həyata keçirilməsi keyfiyyəti elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır. Buna görə də elmi-pedaqoji kadrların hazırlanması üçün lazımi şərait yaradılır, professor-müəllim heyətinin yeniləşməsinə və gəncləşməsinə diqqət yetirilir. Nəticədə təhsil sahəsində çalışan professor-müəllim heyətinin peşəkarlıq səviyyəsi yüksəlir. Ali pedaqoji məktəblərin pedaqogika kafedralarını,  Azərbaycan ETPEİ-nin (indiki Təhsil İnstitutu) müvafiq şöbələrini zəruri səriştəyə malik elmi və elmi-pedaqoji kadrlarla təchiz etmək yüksəkixtisaslı kadr hazırlığının mühüm tərkib hissəsi kimi həmişə diqqət mərkəzində olmuşdur.

 

Azərbaycanda elmi-pedaqoji kadr hazırlığının ilkin mərhələsi XX əsrin 20-ci illərinin ikinci yarısına təsadüf edir, ancaq o dövrdə elmi-pedaqoji kadr hazırlığının qaydasını, formalarını və müddətini dəqiq müəyyən edən normativ sənədlərin olmadığından “elmi əməkdaş”, “elmi işçi”, “aspirant” kimi nomenklatur anlayışlar arasında dəqiq fərq qoyulmamış, onların hüquq və vəzifələri müəyyən edilməmişdir. O zamanlar elmi işçilərin hazırlanması üçün maliyyə vəsaiti də ayrılmırdı.

 

1929-cu il mayın 18-də respublika Xalq Maarifi Komissarlığı nəzdində Dövlət Elm Şurası elmi işçilərin hazırlanması haqqında Əsasnamə təsdiq etdi. Əsasnamədə göstərilirdi ki, aspiranturada təhsil müddəti 3 ildir. Aspirant həmin müddət ərzində elmi işini hazırlamalı və fakültənin açıq iclasında onu müdafiə etməlidir. Aspirant elmi işlə yanaşı, təhsil illərində rus dilini, azərbaycanlı olmadığı təqdirdə Azərbaycan dilini, həm də milliyyətindən asılı olmayaraq xarici dillərdən birini öyrənməli idi. 30-cu illərə kimi Azərbaycanda pedaqoji elmlər üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan elmi müəssisə olmadığından, müəllim kadrları hazırlayan ali məktəblər pedaqogika elminin qarşısında duran vəzifələri yerinə yetirə bilmirdi. Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan qabaqcıl müəllimlərin təcrübəsini ümumiləşdirməyə, pedaqogikanın elmi-nəzəri problemlərini, tərbiyə nəzəriyyəsini və didaktikanın mühüm problemlərini araşdırmağa ciddi ehtiyac duyulurdu. Bunun üçün həmin problemlə məşğul olan xüsusi elmi-tədqiqat müəssisəsinin yaradılması vacib idi.

 

1931-ci ildə təsdiq olunan Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutunda 1932-ci ildə struktur bölmə kimi aspirantura şöbəsi yaradıldı.

 

Azərbaycan Respublikası Bakı şəhəri Xalq Maarifi Şöbəsinin 1930-cu il 30 iyun tarixli 30 nömrəli və Xalq Maarifi Komissarlığının 1931-ci il 29 iyun tarixli, 87 nömrəli əmrinə əsasən 1931-ci il iyulun 1-də təhsil sahəsində ilk elmi tədqiqat institutu Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu yaradılmışdır. İnstitutun adı, onun fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilmişdir:

 

* 1931-ci il iyulun 1-dən 1932-ci ilin oktyabr ayınadək “Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu”;

* 1977-ci ilin martından 2000-ci ilin iyun ayınadək “Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu”;

* Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradılmışdır.

* Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli Fərmanı həmçinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanaraq “Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu”nun adı dəyişdirilərək “Azərbaycan Respublikasının Təhsil İnstitutu” adlandırılmışdır. Bütün bu illər ərzində institutda Aspirantura (indiki Elmi-pedaqoji kadr hazırlığı) şöbəsi fəaliyyətini davam etdirmişdir.

 

ARTİ-nin 90 illiyi ərəfəsində institutun direktor müavini, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasovun “Azərbaycan müəllimi” qəzetinin 2021-ci il 16 və 23 aprel tarixli nəşrlərində “Təhsil İnstitutu: tarixilik və müasirlik müstəvisində” adlı məqalələrində geniş material çap olunduğunu nəzərə alaraq biz məqaləmizdə əsasən kadr hazırlığından söhbət açdıq.

 

İlk dövrdən aspiranturaya ən bacarıqlı, istedadlı gənclər (Əhməd Seyidov, Mehdi Mehdizadə, Məmmədsəlim Tahirli, Zümrüd Axundova, Qulam Hüseynov, Səməd Vurğun və b.) qəbul olunmuşdular. Sonralar (məsələn, 1935-ci ildə) aspiranturaya, əsasən, bir neçə il institutda fəaliyyət göstərmiş şəxslər (Mərdan Muradxanov, Vəlixan Mustafazadə, Əliş Həsənov, Əmir Tağıyev, İsmayıl Mərdəliyev, Surxay Hacıyev, Mirzəağa Quluzadə və b.) qəbul edilmişlər. Həmin şəxslər alimlik dərəcəsi aldıqdan sonra pedaqoji elmlərin, ədəbiyyatşünaslığın  inkişafında böyük xidmət göstərmişlər. Elə həmin ildə institut əməkdaşlarından Qulam Məmmədov, İsgəndər Novruzov, Aleksey Loqinov və b. qiyabi aspiranturaya qəbul olunmuşlar.

 

XX əsrin 30-40-cı illərində pedaqogika ixtisası üzrə aspirantura xətti ilə elmi və elmi-pedaqoji kadr hazırlığında obyektiv və subyektiv xarakterli çətinliklər mövcud idi. Belə ki, aspirantların bəzilərinin təhsil hazırlığının kifayət qədər olmaması, rus və xarici dilləri zəif bilməsi, başqa dillərdəki ədəbiyyatlardan istifadəni çətinləşdirir, onların ixtisas səviyyələrinə mənfi təsir göstərməklə fərdi hazırlıq planlarının yerinə yetirilməməsi ilə nəticələnirdi. Başqa bir çətinlik isə pedaqoji elmlər üzrə respublikada yüksək ixtisaslı elmi rəhbərlərin-elmlər doktorlarının, professorların yoxluğu ilə bağlı idi.

 

Aspiranturaya, bir qayda olaraq, ən azı iki il maarif sahəsində iş stajına malik olan, elmi axtarışlara böyük həvəs göstərən, səriştəli müəllimlər, ali məktəbi fərqlənmə diplomu ilə bitirən gənc mütəxəssislər qəbul edilirdilər. Onlar pedaqogikanın tarixi və nəzəriyyəsi, psixologiya, deffektologiya, sosiologiya və xüsusi metodikaların aktual problemləri üzrə tədqiqat aparırdılar.

 

Aspirantlara rəhbərlik işinə institutun bir sıra təcrübəli əməkdaşları ilə yanaşı Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil müəssisələrinin görkəmli alimləri də cəlb edilmişlər.

 

Aspirant və dissertantlar üçün institutda Gənc Alimlər Şurası fəaliyyət göstərir. Bu Şuranın məşğələlərində elmi-tədqiqatın metodoloji əsasları, pedaqoji tədqiqatın metodları, təcrübi materialların işlənməsi, alınmış nəticələrin təcrübədə sınaqdan keçirilməsi və s. məsələlər üzrə mühazirələr oxunur, həmçinin işgüzar söhbətlər təşkil edilirdi. Bu mühazirə və məsləhətlərə respublikanın görkəmli pedaqoq, psixoloq və metodistləri cəlb olunurdular.

 

II Dünya Müharibəsindən sonra respublikamızda getdikcə inkişaf edən pedaqoji institutların və pedaqoji elmin tələbatını təmin etmək məqsədilə pedaqoji elmlər sahəsində yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlanması sürətlə genişləndi, pedaqoji elmlər namizədlərinin sayı ildən-ilə artdı, pedaqoji elmlər doktorlarının yetişməsinə şərait yarandı. Dövlət və hökumət orqanları elmi və elmi-pedaqoji kadr hazırlığını genişləndirmək məqsədilə müvafiq qərar və sərəncamlar qəbul edildilər. 1944-cü il yanvarın 2-də SSRİ Xalq Komissarları Soveti yanında Ümumittifaq Ali Məktəb İşləri Komitəsinin “Ali məktəblərdə aspirantlar hazırlanmasını yaxşılaşdırmaq tədbirləri haqqında” qərarında aspirantların müsabiqə yolu ilə seçilməsi, müttəfiq və muxtar respublikaların ali məktəblərinin aspiranturasına yerli millətdən olan şəxslərin qəbuluna üstünlük verilməsi məqsədəuyğun hesab olundu.

 

1960-cı illərin ikinci yarısında respublikada pedaqoji elmlər üzrə elmi-pedaqoji kadr hazırlığında ixtisaslaşdırılmış müdafiə şuralarının yaradılması və Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) müdafiə şurasına pedaqoji elmlərin müvafiq problemləri üzrə doktorluq dissertasiyalarının müdafiəsini təşkil etmək hüququnun verilməsi pedaqoji elmlərin inkişafını şərtləndirən əsas amillərdən birinə çevrilməklə, respublikanın elmi-pedaqoji həyatında böyük canlanma yaratdı, elmi-pedaqoji kadr hazırlığının yeni sistemi formalaşmağa başladı. 1960-1970-ci illərin birinci yarısında elmi və elmi-pedaqoji kadrların hazırlanmasının müxtəlif problemləri ilə əlaqədar rəsmi dövlət orqanlarının diqqət və qayğısını ifadə edən mühüm qərarlar qəbul edilir. Bu qərarların məntiqi nəticəsi olaraq elmi və elmi-pedaqoji kadr hazırlamağın əsas vasitəsi olan aspiranturada təhsil alanların sayı artdı, kadr hazırlığı respublikanın ali pedaqoji məktəblərinin tələbatına uyğun davam etdirildi.

 

Doktorant və dissertant hazırlığında mühüm mərhələ onların dissertasiya mövzularının düzgün seçilməsi ilə bağlıdır. Düzgün tərtib olunan plan dissertasiya işinin vacib tərkib hissəsidir. Tədqiqat mövzularında təkrarçılığa yol verilməməsi məqsədi ilə 1974-cü ildə Azərbaycan ETPEİ-də Pedaqoji və Psixoloji elmlər üzrə Elmi-Tədqiqatları Əlaqələndirmə Şurası yaradıldı. 1934-cü ildən indiyədək namizədlik və doktorluq dissertasiyası müdafiə edənlərin siyahısı dövrlər üzrə qruplaşdırılıb nəşr olunmuşdur. Bu, pedaqoji elmlərin inkişafında və elmi-pedaqoji kadr hazırlığında xüsusi mərhələ hesab olunmalıdır.

 

Elmi-pedaqoji kadr hazırlığında, aspirant və dissertantların elmi hazırlıq səviyyəsinin yüksəldilməsində 1978-ci ildən başlayaraq hər il keçirilən ali məktəb aspirantlarının respublika elmi konfransları da böyük rol oynamışdır. Gənc tədqiqatçıların elmi yaradıcılıqlarının hesabatına çevrilən belə ənənəvi konfranslar elmin başqa sahələri ilə yanaşı, pedaqogikanın nəzəriyyəsi və tarixinin müxtəlif istiqamətləri və problemləri üzrə geniş elmi fikir mübadiləsinə meydan açırdı. İnstitutun aspirant (doktorant) və dissertantları həmişə həmin tədbirlərdə fəal iştirakları ilə seçilirdilər.

 

Müəllimlərin və alimlərin diqqətini cəlb edən iş təcrübəsi qazanmış, elmi axtarışlara ciddi maraq göstərən qabaqcıl müəllimlər, məktəb rəhbərləri beş il müddətinə institutun müvafiq şöbələrinə təhkim olunur, elmi məsləhətçilərin köməyi ilə müəyyən problem üzrə tədqiqat aparır və müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edirlər. İndiyə qədər bu yolla namizədlik dissertasiyası müdafiə edənlərin sayı 1000-i keçmişdir. İndi 100 nəfərə qədər qabaqcıl müəllim, tərbiyəçi, məktəb rəhbəri, elmi işçi İnstitutun dissertantıdır.

 

Aspirant və dissertantların səmərəli fəaliyyət göstərmələrinə elmi rəhbərlər faydalı məsləhətləri ilə yaxından kömək göstərirlər. Xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasından akademik R.M.Əliquliyev, M.M.Abbasov, Rusiya Təhsil Akademiyasından akademik Ş.A.Amonaşvili, H.M.Əhmədovun, institutun professorlarından Y.Ş.Kərimov, Ş.A.Mikayılov, V.C.Xəlilov, A.N.Abbasov, P.B.Əliyev, İ.H.Cəbrayılov, R.İ.Əliyev; Bakı Dövlət Universitetinin professorlarından H.Ə.Əlizadə, M.Ş.Babayev, Ə.Ə.Əliyev, K.İ.Xudaverdiyev,   A.C.Hacıyev; Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorlarından   F.A.Rüstəmov,  M.S.Cəbrayılov, Ə.T.Baxşəliyev, S.M.Quliyev, S.S.Həmidov, A.S.Adıgözəlov, Q.E.Əzimov, M.Əmirov, M.İ.İlyasov, R.L.Hüseynzadənin, dosentlər  Ə.M.Abbasov, A.X.Hacıyev və başqalarının yetirmələri dissertasiyalarını vaxtında və uğurla müdafiə etmiş və digərləri isə tədqiqatlarını müvəffəqiyyətlə davam etdirirlər.

 

Hazırda institutda çalışan elmi işçilərin əsas hissəsi onun aspiranturasının yetişdirməsidirlər. İnstitutun hazırladığı yüksək ixtisaslı kadrlar eyni zamanda respublikamızın müxtəlif pedaqoji və elmi müəssisələrində, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyində çalışırlar, həmçinin AMEA-da fəaliyyət göstərirlər. İnstitutun yetirmələri respublikanın müxtəlif elmi və pedaqoji təhsil müəssisələrində elmi işçi, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor və rektor kimi çalışırlar.

 

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli sərəncamı ilə yaradılan Təhsil Problemləri İnstitutunun (hazırkı ARTİ) keçmiş aspirantura şöbəsinin bazasında yeni yaradılmış Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi kimi fəaliyyətini uğurla davam etdirir. Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi işini  institutun nəzdində olan bütün şöbələrin müvafiq əməkdaşları, elmi müxbirləri, doktorant və dissertantları ilə əlaqələndirir, fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik edir.

 

Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi ARTİ-nun struktur vahidi olaraq ölkənin ali təhsil müəssisələri, AMEA-nın institutları, təhsil mərkəzləri və qurumları, həmçinin, yerli və xarici (dövlət və özəl olmaqla) təhsil sisteminin idarəetmə strukturlarının doktorantura şöbələri ilə əməkdaşlıq edir. Beynəlxalq əməkdaşlığa əsasən universitetlərarası və qurumlararası ikitərəfli razılaşmalar, anlaşma memorandumları, əməkdaşlıq protokolları və digər bu kimi hüquqi vasitələr çərçivəsində həyata keçirilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktorant və dissertant hazırlığına icazə verilmişdir. İnstitutun adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısında da yer almışdır.

 

Doktorantura hazırlığı ali təhsilin üçüncü səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş doktorantura ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə geniş profilli alim və mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir.

 

Hazırda doktorantlarımız öz tədqiqatlarını internet vasitəsilə dünyaya təqdim edə bilirlər. Son iki ildə onlarla doktorant və dissertant təhsil müddətindən xeyli əvvəl dissertasiyalarını tamamlayaraq Müdafiə Şuralarına təqdim etmiş, müdafiə etmiş və diplomlarını almışlar. Onlar xarici dillərə yiyələnərək  inkişaf etmiş yaxın və uzaq xarici ölkələrdə Azərbaycan xalqını, onun elminin inkişafını, milli-mənəvi dəyərlərini, tolerantlıq və multikultural dəyərlərini, adət-ənənələrinin bəşəri xüsusiyyətlərini şərəflə təqdim və təbliğ edirlər. Doktorant və dissertantlarımızın elmi məqalələri dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləşmə bazalarında yer alan mətbu orqanlarda dərc olunur. Bu elmi zəfərlərə aparan şərəfli yolda bütün tədqiqatçılara yeni yaradıcılıq uğurları arzulamaqla yanaşı əzmkar olmağa dəvət edirik.

 

Hümeyir ƏHMƏDOV,

Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü, RTA-nın əməkdar elm və təhsil xadimi



25.06.2021 | 12:43