“Ölkəmiz daim biz gənclərin yanındadır”

Son illər azərbaycanlı gənclər arasında elmi tədqiqatlara marağın artması müşahidə  olunur. İstedadlı gənclərin dövlətin diqqət və qayğısının nəticəsi olaraq xaricdə təhsillə yanaşı, elmi tədqiqatlarda iştirak etməsi ölkəmizin gələcək elmi potensialının gücləndirilməsində əhəmiyyətli faktordur.  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil  almaq imkanı qazanan gənclərdən biri də Elnarə Sadıqovadır.  O,  hazırda  Dövlət Proqramı çərçivəsində  Belçika Krallığının Ghent Universitetində doktorantura təhsili alır.

 

Tanıtım. Elnarə Etibar qızı Sadıqova 1993-cü il noyabrın 14-də Bakıda  anadan olub. 2011-ci ildə Bakıdakı İlyas Əfəndiyev adına Elitar gimnaziyanı  bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Biologiya müəllimliyi” fakültəsinə daxil olub. 2015-ci ildə  bakalavr təhsilini bitirib. 2016-cı ildə “Biotexnologiya”  ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun   magistraturasına daxil olub. Həmin ildə institutun “Bitki biotexnologiyası” laboratoriyasında böyük laborant vəzifəsində işə başlayıb. İşlədiyi müddətdə bitkilərin mikroklonal çoxaldılması və hüceyrə biologiyası metodologiyasını mənimsəyib, elmi işi sərbəst şəkildə yerinə yetirmək bacarıqlarına yiyələnib. 2018-ci ildə  “Şirvan-Şahı üzüm sortunun mikroklonal çoxaldılması zamanı morfogenezin hormonal tənzimlənməsi” mövzusunda magistr dissertasiyasını  müdafiə edib, təhsilini fərqlənmə diplomu ilə bitirib.  Magistratura ərzində və daha sonra nadir və itməkdə olan bitki növlərinin genefondunun xilas edilməsi və bərpası problemi ilə məşğul olub.  2018-ci ildən etibarən kiçik elmi işçi vəzifəsinə keçirilib, elmi fəaliyyətdə fərqləndiyinə görə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub. 2020-ci ildə   “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”  çərçivəsində Belçika Krallığının Ghent Universitetinin “Applied In Vitro Plant Biotechnology” Laboratoriyasında “Somatik bitki kök hüceyrələrinin və təsadüfi zoğların  in vitro regenerasiyası üçün yeni vasitələr” mövzusunda doktoranturaya qəbul olub. 

 

Elnarə  Sadıqova ilə söhbətimizə elmi tədqiqatlardan başladıq.

 

- Tədqiqatlara nə vaxtdan maraq göstərirsiniz?

- Tədqiqi biologiya, xüsusilə də biotexnologiya sahəsinə marağımın artmasının ən böyük səbəblərindən biri AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aldığım magistratura təhsilim olub.  Mehriban, səmimi münasibəti ilə seçilən, hər bir tələbənin xüsusi diqqət göstərildiyi, bununla belə dərslərə qarşı ciddi yanaşıldığı bir tədris mühitində, tədqiqat sahələrindəki yenilikləri daim dərs prosesinə cəlb edən, dünyanın bir çox ölkələrində ölkəmizi təmsil etmiş, peşəkar və tələbkar müəllim və alimlərdən dərslər almışam.  Xüsusilə də öyrədilən nəzəri  biliklərin müəyyən bir hissəsini tətbiq edə biləcəyimiz laborator mühitin olması tədqiqat sahələrinə olan marağımı daha da artırıb. 

 

- Təhsil həyatınızda “2019-2023 Dövlət Proqramı”nın  rolu  barədə nə deyə bilərsiniz?

- Ziyalı ailəsində böyüyən hər uşaq kimi mən də daim kitablarla dolu dünya ilə əhatə olunmuş, daim təhsil və ədəbiyyatla iç-içə olmuş, oxumuş, təkmilləşməyə cəhd etmişəm. İnanıram ki, elmi tədqiqat ixtisası ilə məşğul olan hər kəs öyrəndiyi hər yeni bilik vasitəsi ilə daha böyük yeniliklərlə dolu bir dünyaya qapılar açır. Mən də öz növbəmdə biologiya sahəsinə maraqla başlayıb, tətbiqi bitki biotexnologiyası ixtisaslaşma sahəsinə qədər gedən yolda daim öyrənməyə, bacarıqlarımı inkişaf etdirməyə çalışmışam. Aldığım hər təhsil pilləsi, öyrəndiyim hər məlumat, məndə yeni suallar yaratmış, daha çoxunu öyrənməyə olan motivasiyamı artırmışdır.

 

Mənim üçün danılmaz faktdır ki, Dövlət Proqramı təhsilimdə inanılmaz əhəmiyyət kəsb edən addımı atmağıma ən böyük səbəb və dəstəkçim olmaqdadır. Belə ki, tədqiqat sahəm xüsusi texnoloji şərait və tətbiqi bacarıqların inkişafı üçün praktiki mühit tələb edir. Dövlət Proqramı çərçivəsində yaradılmış tam təqaüd imkanı olmasa idi, böyük ehtimalla xaricdə doktorantura təhsilim mümkünsüz olacaqdı. Sadə Azərbaycan ailəsində böyümüş gənc olaraq bu proqram mənə inanılmaz bir elmi mühitdə, son dərəcədə müasir və təkmilləşmiş laboratoriyada sahəmə aid yeniliklər ilə yaxından tanış olmaq imkanı yaradıb.  Doktorantura təhsilimə başladıqdan sonra bizə ayrılmış təqaüd imkanlarının nə dərəcədə incəliklərinə kimi düşünüldüyünü bir daha hiss etmişəm.

 

- Doktorant təhsili aldığınız universitet və tədqiqat mövzunuz barədə nə deyə bilərsiniz?

- Belçikadakı Gent Universiteti 1817-ci ildə Kral I Uilyam tərəfindən qurulub.  Cəmi 36.000 tələbə və 9000 işçi heyəti olan Gent Belçikanın əsas tədqiqat universitetlərindən biridir. 11 fakültəsi, hər elmi fənn üzrə kurslar daxil olmaqla geniş bir akademik portfel təklif edir, tədqiqat yatırımı isə ildə ortalama 180 milyon funt-sterlinqə bərabərdir. Gent istedadlı tələbə və müəllimləri cəlb edən qlobal bir nüfuza sahib dünyanın aparıcı universitetləri arasında olmaqla Joseph Guislain, Walter Fiers, Marc Van Montagu və Peter Piot və bir çox Nobel mükafatı laureatı yetişdirib. Məzunları arasında internetin inkişafında Tim Berners-Lee ilə əməkdaşlıq edən Robert Cailliau və astronavt Dirk Frimout da var.

 

Tədqiqat mövzum “Somatik bitki “kök” hüceyrələrinin və təsadüfi zoğların  “in vitro” regenerasiyası üçün yeni vasitələr” olub tədqiqi bitki biotexnologiyası sahəsinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb etməkdədir.

 

- Tədqiqatlarınız təhsil sistemimiz və xüsusən də tərəfdaş ali təhsil müəssisəsi üçün nə dərəcədə əhəmiyyətlidir və hansı töhfələr verə bilər?

- Bitki “kök” hüceyrələri üzərində aparılan tədqiqatlara son bir neçə ildə başlanıldığını nəzərə alsaq bir çox proseslər tam öyrənilməyib, bir çox bitki üçün metodologiya hazırlanmayıb. Bu baxımdan, tədqiqat nəticələri hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etməkdədir.   “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”  xaricdə təhsilini başa çatdırmış tələbələrin akademik tədris prosesinə cəlb edilməsində silsilə addımlar görməkdədir. Bildiyim qədəri ilə sahəm üzrə xaricdə doktorantura təhsili alan ilk tələbəyəm.  Ümidvaram ki, əldə edəcəyim bilik və bacarıqlar əsasında  tədris prosesində iştirakımla bir çox gənclərin daha təkmilləşmiş təhsil almalarına, onlarda sahəm üzrə marağın oyanmasına səbəb olacaq, təhsillərinin davamı üçün motivasiya rolu oynayacağam.

 

- Bitki biotexnologiyası sahəsində tədqiqatlara hazırda bütün dünyada maraq artıb. Bunu nə ilə izah edərdiniz?

- Dünyada artan qlobal istiləşmə ilə bağlı olaraq, ənənəvi metodlar getdikcə artan qida tələbatını qarşılamır. Qida məhsullarının miqdarının və keyfiyyətini artırmaq üçün bitki biotexnoloji metodlarının tətbiqinə ehtiyac getdikcə daha çox hiss olunur. Bu səbəbdən tələblərə cavab vermək üçün məhsuldarlığını artırmaqdan başqa bir seçim yoxdur. Bitki fizioloji  proseslərinin, fitokimya, biosintetik yollar, molekulyar biologiya, genomika, proteomika və metabolik tənzimləmə sahələrində baş verən inkişaf və bitki biotexnologiyasına tətbiqi prosesi daha da asanlaşmışdır.  Elm və bitki biotexnologiyasının tətbiqi sahəsindəki irəliləyiş gələcək illərdə insan əhalisinin sağlamlığı və rifahı üçün kənd təsərrüfatı məhsuldarlığı, qida elmi və texnologiyasına təsir göstərəcəkdir.

 

Bununla belə, bitki hüceyrəsinin manipulyasiyasının asanlığı yeni yaradılmış tədqiqat metodların yoxlanılması və inkişafı üçün model rolunu oynayaraq böyük əhəmiyyət kəsb etməkdədir. Bütün bunlar bitki biotexnologiyası sahəsinə marağın artmasına səbəb olmaqdadır.

 

- Təhsil aldığınız universitetə pandemiya necə təsir edib? Hazırda tədris necə və hansı formatda davam edir?

- COVID-19 artıq həyati təhlükədən başqa, bir ildən çoxdur ki, bir çox iş və təhsil sahələrinə də öz təsirini göstərməkdədir. Pandemiya dövründə müəyyən müddət laboratoriyaya girişlər yalnız xüsusi icazələr ilə mümkün olmuşdur.  Təhsilimin ilk ili olduğunu nəzərə alaraq təcrübi sahələrdə iştirakım xüsusilə vacibdir. Pandemiya şəraiti isə öz-özlüyündə çətinliklər törətməyə davam edir. Tələbə-müəllim münasibətlərinə gəlincə, elmi rəhbərim bu müddət ərzində tədqiqatlarımın aparılması üçün təhlükəsizlik çərçivəsində şərait yaratmış, bir çox müzakirələri həm onlayn, həm də canlı olaraq aparmışdır.

 

- Doktorant olaraq elmi-tədqiqatlara maraq göstərən gənclərə, tələbələrimizə nə kimi tövsiyələriniz olardı? 

- Elmi tədqiqat sahəsinin özünəməxsus çətinliklərinin olmasına baxmayaraq, gənclərimizin özlərinə inanmalarını, əminliklə elm yolunda addımlamalarını  istərdim. İnanıram ki, bu mübarizəni tək aparmırıq, çünki ölkəmiz daim  biz gənclərin yanındadır. Təhsil Nazirliyi gənclərə daim yeni imkanlar yaradır, mümkün ola biləcək dəstəyi göstərməyə çalışır.

 

- Doktorantura təhsilinizdən gözləntiləriniz, gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?

- Doktoranturada təhsil almağımın əsas səbəbi bilik və bacarıqlarımı inkişaf etdirmək, mütəxəssis kimi özümü yetişdirmək istəyimdir. Təhsilimi bitirdikdən sonra bitki biotexnologiyası sahəsində ölkəmizdəki böyük təməl imkanlarını dəyərləndirərək bu sahənin tətbiqi inkişafına, öyrəndiyim biliklərin yeni nəslə ötürülməsinə çalışacağam.

 

Oruc MUSTAFAYEV



25.06.2021 | 11:51