Nizaminin etik-estetik idealı

Möhtərəm Prezidentimiz İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı elm-sənət sahəsində çalışanları da ruhlandırır. Xalqımızın iftixarı sayılan Nizami Gəncəvi yaradıcılığı dünya mədəniyyətinin solmaz, həmişə təravətli abidəsidir. Onun mənəvi zənginliklə aşılanan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemaları eyni zamanda etik-estetik ideallarla zəngindir. İrqindən, millətindən asılı olmayaraq hər kəsi mənalı yaşamağa, insan adını uca tutmağa səsləyir.

 

Mahiyyət dolğunluğu, məna çalarları ilə müxtəlif qəbildən olan insanların ömür yollarını işıqlandırır, nura qərq edir. Eyni zamanda etik-estetik fikirlər antologiyası kimi kara gəlir.

Birinin şirinsə sözü söhbəti,

Başqa şey istəmə, bəsdi ülfəti.

Xoşxasiyyət olmaq istəyən adam,

Gültək xoş ətirlər saçmalı madam,

 

- deyən Nizami hikmətinin fəzilətləri əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək insanlıq aləmini zinətləndirir. Elə yaşa ki, öləndən sonra ölmə, sözünlə-söhbətinlə, işinlə-əməlinlə tanın, yadda qal, - deyir.

 

Sordu köhnə qızılmı, təzə sözmü yaxşıdır?

Söz sərrafı söylədi: söz dünyanın naxşıdır.

Həyalı söz danış, öyrənib səndən

Həyalı danışsın səni dinləyən.

Ağıllı bir işdir yumşaq danışmaq,

Kobudluq axmağa yaraşır ancaq,

- kəlamları ilə neçə əsrlərdir ki, insanları mənəvi saflığa səsləyir. Sözün məna yükünü-məna  dəyərini qədir-qiymətdə saxlamağı vacib sayır.

 

Əxlaqi kamilliyin-etik mədəniyyətin əsas daşıyıcısı,  göstəricisi kimi dəyərləndirdiyi sözlə ehtiyyatla davranmağı, insanlıq aləmindəki yerini mənalandırmağı dönə-dönə diqqətə çatdırır.

 

Yazsaydım hər bilib, hər eşidəni,

Yalana çəkərdi sözün yüyəni.

Yazdığım sözlərə verməsəm zivər,

Yenilik verməzdi köhnə nəğmələr.

Qələmə gərəkdi öylə söz almaq,

Şüurdan, ağıldan olmasın uzaq.

 

Nizaminin dünyaya, insanlıq aləminə nur saçan, ömür yollarını işıqlandıran deyimləri dünya oxucularını, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları heyrətləndirir. Onun “Xəmsə”sindəki hikmət inciləri zaman keçdikcə daha geniş vüsət alır, heyrət-heyranlıq yaradır. İnsan adını uca tutmağa, ayıq-sayıq olmağa səsləyir:

 

Elə bir ixtiyar olsaydı məndə,

 

Qoymazdım bəndəyə möhtac bir bəndə,

- deyəndə də insanlıq aləmini, xeyirxahlığı əzmilə mənalandırmağı ön plana çəkirdi. İnamla demək olar ki, Nizaminin etik-estetik aləmindəki söz incilərini bir yerə yığsaq möhtəşəm bir qala, ən uca zirvə yaranar. Təsadüfi deyildir ki, böyük ədib, filosof yeri gəldikcə tam əminliklə və böyük iftixarla deyirdi:

 

Sanmayın yad sözünü öz sözümə qatmısam,

Mən könlüm istiyəni yazmışam, yaratmışam.

Nə qədər şair var, söz var, şeir var,

Dünyada onlardan mənəm yadigar.

 

İnsaniliyin - insansevərliyin qayda-qanunlarını əks etdirən humanizm Nizaminin çox böyük qəlb genişliyi ilə yaratdığı əsərlərdə parlaq şəkildə nəzərə çarpır. İnsan adını uca tutmağı, insanlığa layiq ülvi keyfiyyətlərə yiyələnməyi, ömür yollarında hər cür çətinliyə sinə gərib qalib olmağı dönə-dönə tövsiyə edir:

 

Neçin alçaqlara boyun əyirsən?

Oyuncaq olursan namərdlərə sən?

Nə üçün boynuna min yük alırsan?

Zalımın zülmündən razı qalırsan?

Qəlbi yumşaqlığı bir dəfə unut,

Çiynini dağ kimi ucalıqda tut!...

Acizlik ürəyi ağrıdır bilsən,

Bir alçaqlıq olar hər zülmə dözsən.

 

Dahilik rütbəsi ilə tanınan Nizami yaxşı bilirdi ki, yer üzünün əşrəfi, incisi sayılan insan hər şeyə qadirdir. Aydın məslək yolunda inamla irəliləməklə məqsədə çatar, ömrünü, həyatını cıraqban edər:

 

Təbiət quranda xilqətimizi,

Başqa səhifədə yazmışdır bizi.

Anlayıb düşünək hər şeyi gərək,

Hər sirri açmaqla hünər göstərək.

Yerləri, göyləri öyrənək bir-bir.

Qalmasın bizimçün açılmamış sirr.

 

Bu deyimlərlə də Nizami insanın gücünə-qüdrətinə, zəkasına, ali varlığına inanır, mütləqə inam himnini əzəmətlə səsləndirir.

 

İnsaniliklə-xeyirxahlığı, ülviliklə-gözəlliyi vəhdətdə götürən, mahiyyət dolğunluğu ilə tərənnüm edən Nizaminin estetik idealı da müxtəlif sahələrə istiqamətlənərək zövq oxşayır.

 

Təbiətin, təbabətin, incəsənətin estetikası, estetik dəyərləri qəlbləri riqqətə gətirən bir tərzdə nəzərə çatdırılır:

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür-çiçəkdir,

- deyən Nizami təbiətin gözəlliklərini tərənnüm etməyi vacib sayır. Bununla belə, zəka ülviliyini, incəsənət gözəlliyini mənalı yaşamağın barometri kimi dəyərləndirir.

 

Nizami ən dəyərli estetik sərvət, estetik kateqoriya olan gözəlliyin mahiyyətini açmaq üçün müxtəlif xarakterli misallar çəkmiş, belə bir qənaətə gəlmişdir ki, əsl gözəllik xeyirxahlıqla, səmimi, nəcib və humanist hisslərlə vəhdətdə götürülür, başa düşülür.

 

İnsanın, yaxud hər hansı əşyanın ilkin görünən forması, zahiri siması həqiqi gözəlliyin qiymətləndirilməsi üçün  əsas meyar ola bilməz.

 

Dahi şairin dünyada məşhur olan poemaları fəlsəfi, etik-estetik fikirlər çələngi kimi zövq oxşayır.

 

Nizaminin etik-estetik fikirlərinin həyatiliyi, qüdrətli təsir gücü bir də ondadır ki, o, incəsənəti, onun ayrı-ayrı janrlarını xüsusilə musiqi, təsviri sənətin əsl mahiyyətini çox gözəl mənimsəmiş, ən müqəddəs, ən ülvi hissləri oyatmaqda sənət əsərlərinin çox böyük rol oynadığını dönə-dönə qeyd etmişdir. Bu mənada Nizaminin bütün əsərləri, xüsusilə “İsgəndərnamə” poeması bədii-estetik fikirlər ensiklopediyası kimi misilsizdir, milli və bəşəri mədəniyyət aləminə aparır.

 

Böyük mütəfəkkirin əsərləri ilə yaxından tanış olduqca belə qənaətə gəlirsən ki, həqiqi incəsənət-poeziya, musiqi, təsviri sənət həyatı, həqiqəti əks etdirməli, idrak vasitəsinə çevrilməli, xalqın mənəvi duyğularının tərcümanı olmalı, yeri gələndə ən təsirli məlhəm kimi müalicə funksiyasını da yerinə yetirməlidir.

 

Təqdirəlayiq cəhətlərdən biri də budur ki, Nizami ayrı-ayrı əsərlərində xalqımızın qədim musiqi mədəniyyətinin tarixindən, inkişafından bəhs edən məsələlər üzərində də dayanmışdır. Onun əsərlərində mizrabla, kamanla, nəfəslə çalınan, habelə zərb alətlərinin ən qədim nümunələrindən söhbət açılır.  Ud, rud, rübab, saz, çəng, qanun, kamança, ney, musiqar, şeypur, kərənay, nəfir, şahnəfir, kus, təbil, doxul, dəf, dairə, zəng, zindan, nağara və digər musiqi alətlərini yaradan və yüksək ifaçılıq məharəti göstərən sənətkarlardan, onların ifa etdiyi havaların estetik təsirindən bəhs edən misralar, poetik ümumiləşdirmələr zövq oxşayır.

 

Nizaminin “İsgəndərnamə” poeması incəsənətin estetikasını, estetik təsirini açıb göstərməkdə çox qüdrətli didaktik vasitədir,-desək, daha doğru, daha əhatəli olar. Poemanın “İqbalnamə” bölməsinin “Əflatunun çalğı aləti qayırması” hissəsindən bir nümunəyə diqqət edək:

 

Əflatun onlardan üz döndərərək

Yox oldu saraydan Ənqa quşutək.

Gecəli-gündüzlü düşündü ustad

Gizlində o, bir saz elədi icad.

Bir küpün içində gizləndi bir gün

Axtardı səsini bu yeddi küpün.

Yaxşı olmasa da birinin səsi,

Küpdə xoş səslənir onun nəğməsi.

Bu qanun üzrə də o sahibhünər,

Küpdə düzəldirdi yeni nəğmələr.

O, rəsəd sahibi küpə girərək

Çərxi, ulduzları seyr etdi tək-tək.

Eşidib burada o nalə, fəryad,

Etdi bu ahənglə bir nəğmə icad.

Ruda bu ahəngi münasib yerdə,

Quru bağırsaqdan bağladı pərdə.

İçi boş qaba çəkərək dəri,

Düzəltdi, bağladı o pərdələri.

Ceyran dərisinə çəkdi qara rəng,

Quru ud səslənib oldu xoşahəng.

Bir xeyli cəhd edib fikrinə uyğun

Düzəltdi nəhayət o bir ərğəmun.

Telləri yaxşıca köklənmiş bu saz

Başladı verməyə ahəngdar avaz.

Zil və bəm nəğmələr hasil edərək,

Mizrabi gah yavaş vurdu, gah bərk.

Səslər çıxarırdı, bərkdən, yavaşdan,

Sanki nərə çəkir öküz, ya aslan.

Səslərdə o qədər məlahət vardı

Ki heyvan eşitcək donub qalardı.

İnsan səslərindən heyvana qədər,

Sazdan çıxarırdı hər cürə səslər.

Belə ki, çaldığı o havalardan

Şadlanıb oynamaq istərdi insan...

 

Həmin nümunəyə diqqət yetirdikdə görürük ki, Nizami incəsənətin idrakı və tərbiyəvi əhəmiyyəti ilə bağlı iki mühüm cəhət üzərində xüsusi dayanmışdır.

 

Birinci, Azərbaycan xalqının qədim və zəngin musiqi mədəniyyətini göstərən musiqi alətlərindən saz, qanun, rud, ud, ərğənunun yaranması və onların qəlb oxşayan səsləri, geniş, cəlbedici ifa imkanları haqqında inandırıcı lövhələr yaratmışdır.

 

İkinci, həmin alətlərlə çalınan milli musiqi nümunələrinin böyük qüdrətli, hətta təbib, loğman kimi müalicəedici təsirini parlaq lövhələrlə tərənnüm etmişdir:

 

Bütün heyvanları yatırdıb sazla,

Sonra ayıldardı xoş bir avazla.

Ustad həmin sazı çaldığı zaman,

Edərdi xəstənin dərdinə dərman.

Müəyyən pərdədə bir hava çalır

Ki bütün heyvanlar yuxuya dalır.

Başqa bir havada çaldığı zaman

Yatanlar hamısı durur yuxudan

 

Bu misralar incəsənətin ən qüdrətli növü olan musiqinin fəlsəfi, mənəvi təsir qüvvəsi haqqında aydın təsəvvür yaradır. Musiqinin humanizmi, təbabəti, qüdrətli ruh, müalicə vasitəsi olması haqqında hələ XII əsrdə irəli sürülən və çox böyük həyati əhəmiyyət kəsb edən bu fikirlər, müddəalar Nizami estetikasının nikbinliyini, ümumbəşəri mahiyyət kəsb etməsini bir daha parlaq şəkildə nəzərə çatdırır. Nizami göstərirdi ki, musiqi həm də dəyanətlilik, düzlük və doğruluq vasitəsidir.

 

Əldə olan mənbələrin  təhlili, ümumiləşdirilməsi belə bir fikir söyləməyə əsas verir ki, musiqinin həyata, bütün canlılar aləminə estetik təsirini Nizami qədər böyük uzaqgörənliklə, müxtəlif  həyat hadisələri ilə bağlı təsirli, inandırıcı şəkildə təsvir və tərənnüm edən olmamışdır.

 

Nizami duhası-Nizami yaradıcılığı ilə əlaqədar deyilənlər, yazılanlarla tanış olduqca bir daha belə qənaətə gəlmək olur ki, o eyni zamanda etik-estetik fikirlər aləminin böyük memarıdır. Bu rütbəyə isə o geniş, hərtərəfli mütaliə vasitəsilə nail olmuş, xələflərinə üz tutaraq demişdir:

 

Hər kim öyrənməyi bilməyirsə ar,

Sudan dur, daşdan da gövhər çıxardar.

Ancaq öyrənməyi ar bilən insan,

Məhrumdur dünyada bilik almaqdan.

Çox iti zehinlər yatan oldular,

Axırda saxsı qab satan oldular.

Bilikli adamlar uzağı görər,

Cahilin zəhməti hədərdir-hədər!..

 

Necə böyük uzaqgörənliklə demisən ustad! Ululardan-ulu babamız! Ruhun şad olsun!

 

Vidadi XƏLİLOV,

pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, Azərbaycan Gənclər İttifaqı və akademik Mehdi Mehdizadə mükafatı laureatı



27.06.2021 | 10:34