Fransalı yazıçı Əhmədiyyə Cəbrayılovdan yazır

İyunun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan-Fransa arasında əlaqələrin inkişafına öz töhfəsini vermiş yazıçı və tarixçi Aleksandr Vattinin fransız dilində Fransada nəşr olunmuş “Des maquis du Sud Ouest A la 1ere Armee Française” kitabının təqdimat mərasimi keçirilib.

 

Kitabda İkinci Dünya müharibəsi dövründə nasist Almaniyasının qoşunları tərəfindən Fransa ərazilərinin işğalına qarşı xalqın antifaşist hərəkatı öz əksini tapıb. Əsərdə Azərbaycan xalqının igid oğlu, Fransa Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun həyatından müəyyən epizodlara və faktlara da geniş yer ayrılıb.

 

Qeyd edək ki, nəfis poliqrafik tərtibatla buraxılmış bu kitab Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2020-ci il tarixli Sərəncamına əsasən, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinə həsr olunub.     

 

Tədbirdə kitabın müəllifi Aleksandr Vattin, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Jerrom Kell, Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi və kitabın redaktoru Gülnarə Məmmədova, Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, UFAZ-ın baş direktoru Yelizavetta Badanova, həmçinin əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ailə üzvləri -  oğlu Cavanşir Cəbrayılov, qızı Almaz Cəbrayılova, nəvələri, digər qonaqlar və tələbələr iştirak ediblər.

 

Təqdimat mərasimini giriş sözü ilə Azərbaycan-Fransız Universitetinin icraçı direktoru V.Əskərov açıb. Aleksandr Vattin çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan insanlara və tədbirə ev sahibliyi etdiyi üçün UFAZ-a təşəkkürünü bildirib.

 

Qeyd olunub ki, Aleksandr Vattin 2018-ci ilin sentyabrından ailəsi ilə birlikdə Bakıda yaşayır. Azərbaycanda olduğu müddətdə A.Vattinin fransız dilində bir neçə məqaləsi dərc edilib ki, burada onun Azərbaycana və xalqımıza olan güclü rəğbət hissini və sevgisini görürük. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”, “Azərbaycan, mənim sevimli ölkəm” məqalələri bu qəbildəndir. Xüsusən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş məqaləsində müəllifin ölkəmiz, onun Birinci xanımı haqqında ürəkdən gələn səmimi sözlərini hər sətirdə görmək mümkündür.

 

Əfsanəvi partizanın qızı A.Cəbrayılova və oğlu C.Cəbrayılov öz çıxışlarında kitabın müəlliflərinə və tədbirin təşkilatçısı UFAZ-nın rəhbərliyinə təşəkkürlərini bildirərək, Əhmədiyyə Cəbrayılovun İkinci Dünya müharibəsindəki döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan, Fransa partizanları ilə birlikdə Fransanın almanlardan azad olunmasındakı xidmətlərindən danışıblar.

 

Çıxış edənlər Azərbaycan, eyni zamanda Azərbaycanın qəhrəman oğulları ilə bağlı tarixi həqiqətlərin və erməni saxtakarlığını ifşa edən faktların yer aldığı belə bir kitabın mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

 

Tədbirdə kitabın müəllifi UFAZ tərəfindən sertifikatla mükafatlandırılıb. Eyni zamanda UFAZ-ın icraçı direktoru V.Əskərova fransalı yazıçı, tarixçi Aleksandr Vattin tərəfindən medal təqdim olunub.

 

Təqdimat iştirakçıları bu kitabın ölkəmizdə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində əhəmiyyətini, Azərbaycan - Fransa əlaqələrinin inkişafına verəcəyi töhfəni nəzərə alaraq, onun Azərbaycan dilinə tərcümə edilməsinin məqsədəuyğun olduğunu vurğulayıblar. Tədbirin sonunda təqdimat iştirakçıları Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun həyatından və döyüş yolundan bəzi fraqmentləri əks etdirən fotosərgi ilə tanış olublar.

 

Həmin tədbirdən bir gün sonra Azərbaycan-Fransız Universitetində Fransanın Qollcular (general Şarl  de Qoll) təşkilatının prezidenti tərəfindən Fransa və Azərbaycan arasında elmi-ədəbi əlaqələrin gücləndirilməsində müstəsna roluna görə Xatirə ordeni ilə təltif edilmiş yazıçı-publisist Rövşən Ağayevə həmin ordenin təqdimat mərasimi keçirilib. Xatirə ordenini Aleksandr Vattin təqdim edib.

 

Qeyd edək ki, Rövşən Ağayev Azərbaycan - Fransa münasibətlərinin inkişaf tarixinin müəyyən faktları və aspektləri haqqında bədii-sənədli povestin və 20-dən artıq məqalənin müəllifidir. Xüsusilə onun XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Fransada təhsil almağa göndərilən azərbaycanlı gənclərin həyat və fəaliyyətlərinin bəzi epizodlarını özündə əks etdirən yazıları, eyni zamanda Azərbaycanın görkəmli ictimai-siyasi  xadimi, jurnalist, yazıçı Əhməd bəy Ağaoğlunun XIX əsrin sonunda Fransada təhsil alması və yaşaması ilə bağlı araşdırmaları, həmçinin Azərbaycan və Fransanın əfsanəvi qəhrəmanı Əhmədiyyə Cəbrayılov haqqında yazdığı məqalə böyük marağa səbəb olub, geniş rezonans doğurub.

 



25.06.2021 | 17:16