ADPU-da maarifləndirici tədbir

İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) işəgötürənlərin iştirakı ilə “Pərakəndə ticarət iqtisadi fəaliyyət sahəsi üzrə qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması, istirahət vaxtı, işçilərin məzuniyyət hüquqları və məzuniyyət hüquqlarının təmin edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib. 

 

Tədbiri giriş sözü ilə açan ADPU-nun inzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev bildirib ki, belə aktual mövzuda maarifləndirici tədbirin ADPU-da keçirilməsi təqdirəlayiqdir. Ü. Mehdiyev universitetin kollektivi adından   maarifləndirici tədbirin keçirilməsinə görə Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin rəhbərliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin məsul şəxslərinə təşəkkür edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə yeni iş yerlərinin açılması daimi xarakter alıb, əhalinin məşğulluq səviyyəsi artıb, əmək bazarında sabitlik və inkişaf sürətlənib, azad sahibkarlıq inkişaf edib, əlverişli biznes və investisiya mühiti formalaşıb. Bu baxımdan, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi vacib əhəmiyyət kəsb edir.  Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək hüquqlarının təminatına nəzarət mexanizminin qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşması olduqca vacibdir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Anar Quliyev tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

 

Tədbirdə 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəis müavini Məzahir Cəmşidov “Qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması” mövzusunda çıxış edib.  M.Cəmşidov qeyd edib ki, qeyri-rəsmi məşğulluqla mübarizə inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə əsas hədəflərdəndir.

 

“Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları” mövzusunda çıxış edən 4 saylı region üzrə DƏM-in baş əmək müfəttişi Müşfiq Məmmədov bu barədə ətraflı məlumat verib. 

 

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



29.06.2018 | 18:43