“Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadi Sosial İnkişaf (Economic Social Development, ESD) təşkilatının birgə təşkilatçılığı ilə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Konfransın açılışında çıxış edən UNEC-in prorektoru Sakit Yaqubov tədbirdə dünyanın bir sıra ölkələrinin (Almaniya, İspaniya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Rusiya, Belarus və s.) tədqiqatçıları ilə müzakirələr aparılacağını və qlobal çağırışların təhlil ediləcəyini bildirib. 

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Firudin Qurbanov bildirib ki, bu gün Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşan ölkələrdəndir. Bu, hər şeydən öncə Azərbaycan iqtisadiyyatının dayanıqlığına xidmət edən amildir. Nazir müavininin sözlərinə görə, davamlı inkişafın təmin olunması təhsil sistemi qarşısında çox mühüm vəzifələr qoyur.

 

Firudin Qurbanov qeyd edib ki, milli təhsil sistemi dünyanın texnologiya yarışına maksimal dərəcədə qoşulmalıdır.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə məlumat verən nazir müavini bildirib ki, proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin hazırlanması, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

 

Firudin Qurbanov çıxışının sonunda əlavə edib ki, ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır. Təhsilin bu istiqamətdə vəzifələri yeni mahiyyət və məzmun daşıyır. 

 

ESD təşkilat komitəsinin prezidenti Domagoj Cingula çıxışında qeyd edib ki, BMT-nin təşəbbüsü ilə meydana çıxan davamlı inkişaf konsepsiyası ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sosial-fəlsəfi konsepsiyadır.  

 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov da öz növbəsində qeyd edib ki, dayanıqlı inkişaf konsepsiyası üç əsas sahənin: iqtisadi, sosial və ekoloji sahənin birləşməsi nəticəsində yaranıb. Qeyd olunan sahələrin hər birinin bu anlayışa öz yanaşma tərzi mövcuddur. Dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün hər üç komponent balanslaşdmlmış şəkildə istifadə olunmalıdır. Bu üç sahənin bir-birinə təsir mexanizmi də çox önəmlidir.

 

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

 

 



25.06.2021 | 18:37