“Bu il Silahlı Qüvvələr Gününü daha yüksək əhval-ruhiyyə ilə qeyd edirik”

Bakı Slavyan Universitetində  (BSU) 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə BSU-nun fakültə dekanları, dekan müavinləri, kafedra, şöbə müdirləri və digər strukturların məsul şəxsləri, professor-müəllim heyətinin nümayəndələri, universitetdə fəaliyyət göstərən tələbə ictimai təşkilatlarının təmsilçiləri və fəal tələbələr iştirak ediblər.

 

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, 26 İyun- Silahlı Qüvvələr Günü xalqımız üçün çox əziz və əlamətdar bir bayramdır. Xalqımızın böyük oğlu, müstəqil dövlətimizin qurucusu, Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci tarixli sərəncamına əsasən, 26 iyun tarixi hər il ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd edilir.

 

X.Sultanova vurğulayıb ki,  Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, sərkərdəlik qabiliyyəti və Azərbaycan  Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində xalqımız Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük Qələbə qazandı:”Məhz bu böyük Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Biz bu möhtəşəm Qələbəyə görə bu il Silahlı Qüvvələr Gününü daha yüksək əhval-ruhiyyə ilə qeyd edirik”.

 

Prorektor BSU-nun məzunu Vüqar Süleymanovun 2016-cı ilin Aprel döyüşlərində şəhidlik zirvəsinə ucaldığını, 100 nəfərə yaxın məzunun Vətən müharibəsində fəal iştirak etdiyini, onlardan  3 məzunun- Nicat Şükürlünün, Kənan Rüstəmlinin və Elnur Allahverdizadənin döyüşlərdə qəhrəmancasına şəhid olduğunu xatırladıb. 

 

Sonra tədbirdə beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Şəhla Nuruzadə " Milli Ordumuz-milli qürur mənbəyimiz", həmin kafedranın dosenti Nərgiz Nağıyeva isə "Qalib Ordumuz" mövzularında məruzə ilə çıxış ediblər.

 

Tədbirdə iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kapitan Tofiq Əzimov, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov, tərcümə fakültəsinin tərbiyə işləri üzrə dekan müavini, dosent  Quba Məcidova Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin igidliyi, qəhrəmanlığı, rəşadəti və Vətən müharibəsində qazanılmış böyük tarixi Qələbə barədə öz fikirlərini bölüşüblər.

 

Tədbirdə BSU-nun beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin III tədris ili tələbəsi Günel Məmmədova Xalq şairi Zəlimxan Yaqubun " Ordum varsa, yurdum var"şeirini səsləndirib.

 



26.06.2021 | 10:07